Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışır – FOTO
20 Yanvar faciəsi xalqımızın qan yaddaşına hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi yazılıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsinə ən parlaq səhifələrindən biri kimi daxil oldu.
Yanvarın 20-də səhər tezdən Şəhidlər xiyabanına insan axını başlayıb. Bakı sakinləri bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini yad edir, vətəndaşlıq borclarını yerinə yetirirlər. Onların arasında paytaxtımızın qonaqlarına və bölgələrdən gələn insanlara da rast gəlmək olur.
XX əsrin ən qanlı hadisələrindən biri olan bu dəhşətli faciədən 27 il ötsə də, baş verənlər unudulmayıb və xalqımızın qan yaddaşına əbədi yazılıb. 1990-cı il Yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərimiz azadlığa gedən yolumuzda ilk cığırlar açdılar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə onlara borcluyuq.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Keçmiş SSRİ rəhbərlərinin göstərişi ilə Azərbaycana yeridilən ordu hissələri paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 147 nəfər mülki şəxsi amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 744 nəfər günahsız insan yaralandı. İnsanlıq simasını itirmiş hərbi canilər hətta təcili tibbi yardım maşınlarını atəşə tutur, heç kəsə aman vermirdilər.
Qanlı Yanvar faciəsinin səhəri günü ümummilli lider Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, xalqımızın kədərini bölüşdü və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış etdi. Ulu Öndərin bu addımı xalqımıza təpər və güc verdi, ona dayaq və təsəlli oldu.
Sonradan ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başlayanda 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ardıcıl addımlar atıldı. Ulu Öndərin fərman və sərəncamları ilə Şəhidlər xiyabanı yenidən quruldu, burada möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi yaradıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, “20 Yanvar şəhidi” fəxri adı təsis olundu, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi, pensiya təminatı gücləndirildi.
Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiq qalan Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu və abadlaşdırıldı. Həmçinin dövlətimizin başçısının tapşırığı ilə Bakıda “20 Yanvar” dairəsində memorial abidə kompleksi ucaldıldı.
20 Yanvar əlilləri və şəhid ailələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri yaradılıb. Dövlət büdcəsi hesabına 20 Yanvar əlilləri və şəhid ailələri mənzillə təmin edilib. Əlillərə minik avtomobilləri verilib, şəhid ailələrinə Prezident təqaüdü təyin olunub.
Dövlətimizin başçısının 2016-cı il 16 yanvar tarixli Fərmanı ilə 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin təqaüdləri artırılıb. Şəhidlərin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə sosial müavinətlər təyin olunub. Bununla yanaşı, hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar əlillərinə və şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım ayrılır.
Bu gün xalqımızın müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanı kütləvi şəkildə ziyarət olunur. Ardı-arası kəsilməyən insan axınını seyr etdikcə ümummilli lider Heydər Əliyevin sözləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda, onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
... Xalqımızın müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanına insan axını davam edir, şəhid məzarlarının üzərinə al qərənfillər düzülür. Bu, qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramın parlaq təcəssümüdür.
AZƏRTAC