ANAMA Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində altı evə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticədə 9 min kvadratmetr ərazi (5 min kvadratmetr əl ilə və 4 min kvadratmetr mexaniki üsulla) yoxlanılıb.
1news.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.
Bildirilib ki, 12 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 17 evə baxış keçirilib. Baxış zamanı beş partlamamış hərbi sursat (3 ədəd 82 millimetrlik minaatan mərmisi “OF-832” və 2 ədəd 120 millimetrlik minaatan mərmisi “OF-843”) aşkar olunaraq zərərsizləşdirilib. Yoxlanılan ərazi 71 min 66 kvadratmetr (32 min 866 kvadratmetr əl ilə və 38 min 200 kvadratmetr mexaniki üsulla) təşkil edib.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən fevralın 14-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində üç otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 20 ev və həyətyanı sahəyə, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib. 1521 partlamamış hərbi sursat, 34 tank əleyhinə mina və 2 piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 100 min 60 kvadratmetr ərazi (61 min 860 kvadratmetr əl ilə və 38 min 200 kvadratmetr mexaniki üsulla) yoxlanılıb.
1news.az