Dünyanın iki super dövləti niyə məhz Azərbaycanı seçib?
Bu gün Bakıda Heydər Əliyev Mərkəzində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Gerasimov arasında görüş keçirilib.
Belə mühüm görüşün təşkili üçün dünyada kifayət qədər məkan olduğu təqdirdə, nəyə görə məhz Azərbaycan seçilib?
Qeyd edək ki, bu, ilk öncə Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir.
Heç kəsə sirr deyil ki, Azərbaycan həm ABŞ, həm də Rusiya ilə yaxın münasibətlər qurub, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir.
Azərbaycan Prezidenti İlham Əliyevin həm ABŞ Prezidenti Donald Trampla, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələri var. Hər iki lider Prezident İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edir, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, həm D.Tramp, həm də V.Putin Prezident İlham Əliyev haqqında yüksək rəy bildirib və onun fəaliyyətini təqdir ediblər.
Digər tərəfdən bu görüş Azərbaycanın dünya miqyaslı nüfuzlu ölkə olmasının, ona böyük hörmətlə yanaşıldığının, etimad göstərildiyinin təzahürüdür. Buna əmin olmaq üçün aşağıdakı məqamlara diqqət yetirmək kifayətdir:
- Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilmiş və bu qurumda iki illik fəaliyyəti dövründə öz missiyasını və vəzifələrini uğurla yerinə yetirib;
- Azərbaycan dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə sıx əlaqələr qurub və onların böyük hörmətini qazanıb.
- Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
- Zəngin təbii resurslara malik olan Azərbaycanın enerji siyasəti həm də bütün bölgənin inkişafına və rifahına xidmət edir. Azərbaycan regionun və Avropanan enerji təhlükəsizliyinin təmin edilməsində əsas dövlətlərdən biridir.
- Azərbaycan mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması prosesinin əsas təşəbbüskarı və aparıcı iştirakçılarından biridir. Azərbaycanın həyata keçirdiyi siyasət regionda və daha böyük coğrafiyada iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və bütün ölkələrin bu inkişafdan faydalanmasına yönəlib.
- Azərbaycan regional konfliktlərin, qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir. Azərbaycan Rusiya ilə Türkiyə arasında gərginliyin aradan qaldırılmasında fəal rol oynayıb.
- Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir, həm NATO, həm də KTMT-nin regionda maraqlarının uzlaşmasına hərtərəfli dəstək verir.
- Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və bütün səylərini regionun inkişafı və rifahına yönəldir. Azərbaycan-Rusiya İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər əməkdaşlıq formatları buna əyani sübutdur.
Bütün bu sadaladıqlarımızla yanaşı Azərbaycanın balanslı xarici siyasəti, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik onu belə yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib. Dünyanın iki super dövlətinin yüksək vəzifəli nümayəndələrinin görüş üçün məhz Bakını seçmələri də bunun əyani sübutudur.
1news.az