Hərbi dənizçilərlə Ombudsman Aparatı nümayəndələrinin görüşü keçirilib – FOTO
Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında imzalanan 2017-ci il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki hərbi hissələrdə “Ombudsman təsisatı və bu təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönümündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar şəxsi heyətlə görüş keçirilib.
1news.az-ın məlumatına görə, görüşlərin əsas məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq və hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin öyrənilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının və döyüş ruhunun daha da gücləndirilməsinə yönəlmiş maarifləndirmə işinin aparılması olub.
Ombudsman Aparatının əməkdaşları hərbi hissələrin zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keçirilən tədbirdə çıxış edərək, respublikamızda Ombudsman institutunun yaranma tarixi, səlahiyyətləri, hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində Müvəkkilin fəaliyyəti haqqında məlumat veriblər.
Görüşdə hərbi qulluqçular arasında nizamnamələrə uyğun rəftarın qurulmasının vacibliyi, həmçinin xalqımıza qarşı törədilmiş Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı məlumat verilib, bu soyqırımı törətmiş erməni təcavüzkarlarının doğma torpaqlarımızdan çıxarılmasına, vətənimizin ərazi bütövlüyünün bərpa edilməsinə hərbi qulluqçularımızın həmişə hazır olmalarının əhəmiyyəti xüsusi vurğulanıb. Aparatın əməkdaşları tərəfindən tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Tədbir çərçivəsində Ombudsman Aparatının əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə, həmçinin hərbi şəhərcikdə müasir üslubda tikilib otaqları bütün avadanlıqları ilə birgə istifadəyə verilmiş 100 mənzilli 2 beşmərtəbəli yaşayış binasına, o cümlədən döyüş gəmilərində şəxsi heyətin məişət şəraitinə, yataq və istirahət yerlərinə, yeməkxanalara, sanitar qovşağa baxış keçirilib.
Hərbi hissələrdə və döyüş gəmilərində şəxsi heyət üçün yaradılmış şərait, onlarla rəftar, qida və müalicə işinin keyfiyyəti, şəxsi heyətlə ideoloji işin təşkilinin vəziyyəti müsbət qiymətləndirilib.
1news.az