İsveçdə qaçqın sığınacağında yanğın baş verib: 15 nəfər zərər çəkib
İsveçin qərbində Höteborqdan şimala doğru 100 kilometr məsafədə yerləşən Venersborq şəhərindəki qaçqın sığınacağında baş verən yanğın nəticəsində 15 adam zərər çəkib.
Bu barədə məlumat yayan yerli KİV-lər, həmçinin bildirirlər ki, hadisə nəticəsində dəm qazından zəhərlənmiş on nəfərdən çox adam, habelə alovdan xilas olmaq üçün pəncərədən tullanaraq yaralanmış iki nəfər xəstəxanaya yerləşdirilib.
KİV-lərə müsahibə verən polis nümayəndələri qeyd ediblər ki, yanğının səbəbi hələ ki məlum deyil. Lakin asayiş keşikçiləri yanğının qəsdən törədilməsi versiyasını daha çox nəzərdən keçirirlər. Hadisədən çaşıb qalan sığınacaq sakinləri deyiblər: “Burada çox adam yaşayır, biz tez-tez gecəyarısına qədər söhbət edərdik və heç vaxt bu cür hadisə baş verməyib. Biz yerli əhali ilə gözəl münasibətdəyik və düşünürük ki, hələ ki nədənsə qorxmağına dəyməz”.
Qeyd edək ki, görünməmiş dərəcədə qaçqın axını ilə əlaqədar olaraq İsveçdə sığınacaq üçün özəl və bələdiyyə tikililərindən istifadə edilməyə başlanılıb. Lakin bu sığınacaqlar yaxşıca planlaşdırılan yanğın törədilməsi obyektlərinə çevrilib.
AZƏRTAC