Beyləqanda kanalda raket mərmisinin mühərrik hissələri tapılıb – FOTO
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Beyləqan rayonunda apardığı təmizləmə əməliyyatları ilə bağlı yeni məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Beyləqan rayonunun Birinci Şahsevən kəndində drenaj kanalına baxış keçirilib.
Keçirilmiş baxış zamanı 4 ədəd partlamış raket mərmisinin mühərrik hissələri aşkar edilərək götürülüb, nəticə etibarilə 1 300 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə, Agentlik tərəfindən 01 yanvar – 28 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 99 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib.
Keçirilmiş baxış zamanı 1 968 ədəd partlamamış hərbi sursat, 64 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 738 303 kv.m ərazi (385 853 kv.m ərazi əl ilə, 161 000 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 78 450 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
1news.az