Xocalı faciəsi zamanı sağ qalmış soydaşımız ABŞ Konqresində çıxış edib – FOTO
Xocalı faciəsinin qurbanlarının xatirəsinin anılması məqsədilə fevralın 27-də Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə ABŞ Konqresində xüsusi tədbir keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən 1news.az-a verilən məlumata görə, bu qanlı qətliamın 25-ci ildönümündə baş tutmuş və “Xocalıya Ədalət” kampaniyasına dəstək verən tədbirdə ABŞ Konqresinin əməkdaşları, diplomatik korpusun üzvləri, ABŞ-dakı Azərbaycan və türk icmaları, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbiri Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin prezidenti Mehriban Məmmədova açaraq, Xocalı faciəsi barədə məlumat verib və bu qətliamın Azərbaycan xalqının yaddaşında həkk olunduğunu qeyd edib.
Bundan sonra Xocalı faciəsindən sağ qurtulmuş soydaşımız, ABŞ-da təhsil alan tələbə Nərmin İbrahimova 25 il öncəki qanlı hadisələrlə bağlı acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. N.İbrahimova erməni əsgərlərinin vəhşilikləri ilə üzləşən Xocalı sakinlərinin sağ qalmaq uğrunda soyuq qış gecələrində meşədə ac-susuz keçirdiyi əzablı günlərdən bəhs edib. Soydaşımız həmin qırğın zamanı yüzlərlə günahsız insanın həyatına faciəvi şəkildə son qoyulduğunu və azyaşlı olmasına baxmayaraq bu dəhşətli hadisənin onun, eləcə də yaxınlarının yaddaşında dərin və unudulmaz izlər buraxdığını ifadə edib.
Növbəti olaraq çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bildirib ki, bu faciənin yad edilməsi əslində regionda sülhün tezliklə bərpa edilməsinin nə qədər vacib olduğunu bir daha xatırladır. Səfir Azərbaycan xalqının bu faciə ilə bağlı haqlı olaraq ədalət tələb etdiyini və üzləşdiyimiz bütün acılara və haqsızlıqlara baxmayaraq Azərbaycanın gələcəyə ümidlə baxdığını söyləyib.
Daha sonra ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun üzvü, Texas ştatından seçilmiş demokrat konqresmen Henri Kuellar tədbirdə çıxış edib. Konqresmen Kuellar ABŞ-Azərbaycan münasibətlərinin strateji əhəmiyyətini vurğulayaraq, ölkələrimiz arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsinə dəstək verməyə hazır olduğunu qeyd edib. Özünü ölkəmizin dostu adlandıran konqresmen Kuellar bu acı gündə xalqımızın kədərini bölüşdüyünü və hər zaman Azərbaycanın yanında olduğunu dilə gətirib.
Artıq ikinci ildir ki, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi Xocalı qətliamı ilə bağlı ABŞ Konqresində anım mərasimi təşkil edir. Xatırladaq ki, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində 2017-ci ildə Vaşinqton şəhəri ilə yanaşı, ABŞ-ın Nyu York, Çikaqo, Sent Luis, Boston və Hyuston şəhərlərində də anım tədbirləri keçirilib.
1news.az