Polad Bülbüloğlu və Mixail Qusman “48 minut” proqramının qonağı olublar
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman “Exo Moskvı” radiostansiyasının “48 minut” (“48 dəqiqə”) proqramının qonağı olublar.
Proqramın növbəti buraxılışı Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı bu yaxınlarda ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin etməsi mövzusuna həsr olunub.
Polad Bülbüloğlu dinləyicilərə ötən ilin sentyabrında Azərbaycan Konstitusiyasına düzəliş və dəyişikliklərin edilməsi haqqında ümummilli referendumun keçirilməsini xatırladaraq qeyd edib ki, yeni zaman öz şərtlərini diqtə edir. Yeni vəzifə təsisatlarının, o cümlədən vitse-prezidentlik təsisatının tətbiqinə zərurət yaranıb.
Səfir Mehriban Əliyevanın təşkilatçılıq, idarəçilik və digər istedadlarından, onun irimiqyaslı tədbirlər keçirmək, milli mədəniyyətin və tarixin təbliği istiqamətində ardıcıl iş aparmaq bacarığından danışararaq vurğulayıb ki, Azərbaycanın birinci xanımının məsuliyyətini öz üzərinə götürdüyü bütün işlər labüd şəkildə müvəffəqiyyət qazanır. P. Bülbüloğlu xatırladıb ki, ötən əsrin 20-ci illərində bütün Yaxın Şərqdə ilk dəfə, Avropa ölkələrinin çoxundan əvvəl Azərbaycan qadınlarına səsvermə hüququ verilib.
Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın keçdiyi yoldan danışan səfir vurğulayıb ki, ölkəmiz öz müstəqilliyini böyük qurbanlar bahasına əldə edib. 1990-cü illərin əvvəlində, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışına qədər Azərbaycanın çox ağır dövrü olub və ölkədə vəziyyət yalnız Ulu Öndərin qayıdışından sonra sabitləşib. Səfir deyib: “Gözümüz qarşısında dağıdıcı hadisələr baş verib, onların yaddaşımızda buraxdığı izlər hələ də təzədir və bu hadisələrin təkrar olunmasını heç kəs istəmir. Biz xaos, dağıntı dövrü yaşamışıq, insanlar küçəyə çıxmağa qorxurdular, hər gün ölkədə, eləcə də cəbhədə hər hansı gözlənilməz hadisə baş verə bilərdi. Buna görə də insanlar bu gün Azərbaycanda bərqərar olan sabitliyi yüksək qiymətləndirirlər”.
P.Bülbüloğlunun sözlərinə görə, istər dövlət məmurları, istərsə də sadə insanlar arasında ünsiyyət çevrəsi geniş olan bir insan kimi, deyə bilərəm ki, bu gün, ola bilsin, barışmaz müxalifət istisna olmaqla, əhali arasında nadir yekdillik müşahidə olunur. Mehriban xanımın bu yüksək vəzifəyə təyin edilməsini bəziləri razılıq və ümidlə, bəziləri isə fərəhlə qəbul ediblər. Diplomat deyib: “Prezident İlham Əliyev çox cəsarətli, müdrik və təcrübəli insandır. O, bu təyinatının, məsələn, elə İnternetin özündə və ya hər hansı dövlətdə, yaxud Avropada doğuracağı reaksiyanı qabaqcadan görməyə bilməzdi”.
Mixail Qusman Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətindən danışaraq xatırladıb ki, müşahidəçilər heyətində iki dəfə Azərbaycanda parlament seçkilərində olub və Mehriban Əliyevanın öz seçki dairəsində əhali tərəfindən necə böyük dəstək aldığını görüb. O deyib: “Mən Azərbaycandakı insanlarla çox danışmışam və tamamilə əminəm ki, əhali Mehriban xanımı çox sevir. Düşünürəm ki, bu, Azərbaycan Prezidentinin Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi haqqında Sərəncamı imzalamasının başlıca rəhni olub”.
AZƏRTAC