Jan Fransua Mansel: Azərbaycan Cənubi Qafqazda Fransanın ən vacib tərəfdaşıdır
Fransa Milli Assambleyasında bəzi ermənipərəst deputatların təşəbbüsü ilə Fransa-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədilə yaradılan məlumat missiyasının ölkəmizlə bağlı obyektiv məruzə hazırlaması bu missiyanın təşəbbüskarlarında şok effekti yaratdı. Bu məruzə missiyanın yaradılmasının təşəbbüskarları olan ermənipərəst deputatların gözləntilərinin tam əksi oldu.
Milli Assambleyanın deputatı Jan Fransua Mansel məsələ ilə bağlı fikirlərini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb. O deyib ki, bu hesabat məlumat missiyasının təşəbbüskarlarının və ondan müəyyən gözləntiləri olanların tam iflası deməkdir. Missiyanı yaradanların niyyəti Azərbaycanın imicinə xələl gətirmək idi. Ancaq məruzədən göründüyü kimi, məruzəçi kifayət qədər obyektiv və qərəzsizdir. Missiyanın üzvləri də onunla bağlı keçirilən mətbuat konfransına dəvət olunmalı idilər. Ancaq təəssüf ki, onlar mətbuat konfransında olmadılar.
Jan Fransua Mansel vurğulayıb ki, məruzədə Fransa-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğu və Azərbaycanın Qafqazda ən vacib ölkə olduğu bir daha təsdiqləndi. Fransanın xarici işlər naziri Jan Mark-Eyro məlumat missiyası ilə bağlı fikirlərini söyləyərkən ölkələrin daxili işinə qarışmamağın beynəlxalq hüququn ən əsas prinsipi olduğunu vurğulamışdı. Buradan çıxış edərək biz öz tarixi, ənənələri olan digər dövlətlərə və suveren xalqlara sanki dərs verməyi dayandırmalıyıq. Azərbaycan Cənubi Qafqaz regionunda siyasi, iqtisadi, humanitar, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq etdiyimiz əsas və ən vacib tərəfdaş ölkədir.
Xatırladaq ki, məruzənin Milli Assambleyanın prezidentinə təqdim olunmasından sonra mətbuat konfransı keçirilib. Ermənipərəst deputatlar uğradıqları iflası ört-basdır etmək üçün heç missiya üzvlərini belə mətbuat konfransına dəvət etmədilər.
Mətbuat konfransında ermənipərəst deputat Fransua Roşeblan missiyanın yaradılması haqqında məlumat verdikdən sonra sözü məruzəçi Jan-Lui Destana verib.
Jan-Lui Destan əvvəlcə Azərbaycan haqqında ümumi məlumat verib. O, Fransa-Azərbaycan əlaqələrini müsbət qiymətləndirib və hər iki ölkənin prezidentlərinin qarşılıqlı rəsmi səfərlərini xatırladaraq, ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Həmçinin missiya çərçivəsində ölkəmizə səfər zamanı görüşlərdə göstərilən müsbət iradədən və səmimi münasibətdən danışıb, iqtisadi, siyasi və diplomatik əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
Məruzəçi keçən əsrin əvvəllərində ölkəmizdə qadınlara səsvermə hüququnun verilməsindən, Azərbaycanın dünyəvi ölkə olmasından və öz dünyəviliyinə sıx bağlılığından, dini azadlıq reallıqlarından söz açıb. J.L.Destan Qafqaz regionunda Azərbaycanın Fransa üçün vacib ölkə olduğunu vurğulayıb.
Məruzədə haqqında danışılmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqı üçün böyük problem olduğu və onun ciddi dağıntılara gətirib çıxardığı qeyd edilib. Bu münaqişənin həllinin insan hüquqları və demokratiyadan da vacib olduğu bildirilib. Azərbaycanın Cənubi Qafqazda Fransanın ən vacib tərəfdaşı olaraq qaldığı və iki ölkə arasındakı siyasi, iqtisadi və diplomatik münasibətlərə yenidən baxılmasına heç bir ehtiyac olmadığı vurğulanıb.
Mətbuat konfransında jurnalistlərin “Azərbaycan ilə Fransa arasındakı münasibətlərlə bağlı məlumat missiyasının yaradılması fransızlar üçün çox vacib idimi?”, “Mövcud münasibətlər fransızları çox narahat edirdimi?”, “Bu, kimə lazım idi?” kimi suallarının qarşısında çətin vəziyyətə düşən Fransua Roşeblan suallara cavab verməkdən yayınıb və pərt halda tələm-tələsik zalı tərk edib.
AZƏRTAC