Yol polisi sürücünün şok fırıldağını ifşa etdi, cinayət işi açıldı - VİDEO
Bir neçə gün öncə bir sürücü evdə xəstə yatdığı halda ünvanına radarla bağli elektron protokol gəldiyini, üstəlik, göstərilən avtomobilin ona aid olmadığını iddia etmişdi.
1news.az xezerxeber.az-a istinadən verir ki, məsələni araşdıran Baş Dövlət Yol Polisi İdarəsi onun yalanını üzə çıxarıb.
Məlum olub ki, sürücü radardan gizlənmək üçün nömrəsinin üstünü bağlayıb, üstəlik, avtomobili saxta sürücülük vəsiqəsi ilə idarə edir. Həmin sürücüyə qarşı cinayət işi açılıb.
Avtomobilin dövlət qeydiyyat nömrəsinin bir hərfini kustar üsulla bağlasa da, polisdən gizlənə bilmədi. Sürət həddini aşması bir kənara, bunu media vasitəsi ilə ictimailəşdirərək cərimə protokolunu sildirmək təşəbbüsü başına iş açıb.
Masallı rayonu Şərəfə kənd sakini Pərviz Əzizov bir neçə gün əvvəl evdə xəstə yatdığı halda onun avtomobilinin Salyan rayonu ərazisində radara düşməsi ilə bağlı ünvanına elektron protokol gəldiyini bildirmişdi. Üstəlik həmin protokolda avtomobilin nömrə nişanlarından biri görünmədiyindən radarda texniki problem olduğunu iddia etmişdi.
Məhz bu şikayətdən sonra yol polisi hərəkətə keçib və həmin sürücünün adına ödənməmiş cərimələr olduğuna görə avtomobili cərimə meydançasına qoyulub və radara düşdüyü gün keçdiyi ərazilərdən kamera görüntüləri əldə edilib.
Pərviz Əzizov öz izahatında bildirib ki, Qazaxıstana məxsus sürücülük vəsiqəsini 500 manat qarşılığında bir tanışıdından alıb. Amma araşdırma zamanı bu sənədin primitiv üsulla hazırlandığı və saxta olduğu aşkarlanıb. Üstəlik, nömrəsi bağlanılan avtomilin digər oxşarlıqları da onun yalan danışdığını üzə çıxarıb.
Qanunvericiliyə görə, saxta sənədləri hazırlamaq və onlardan istifadə etməyə görə şəxs 1000-3000 manat cərimə oluna və ya 2 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
1news.az