Vladimir Putin: Rusiya-Türkiyə əlaqələri yüksək templə bərpa olunur
Rusiya Prezidenti Vladimir Putin Moskvanın Rusiya ilə Türkiyənin əlaqələrinin yüksək templə bərpa olunmasından məmnunluğunu bildirib.
Rusiya lideri bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə səsləndirib. Vladimir Putin qeyd edib ki, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 2014-cü ildə keçirilən axırıncı iclasından xeyli vaxt ötüb:
“Bu vaxt ərzində çox hadisə baş verib. Son dövrlərdə biz Rusiya-Türkiyə əlaqələrinin ölkələrimizə layiq səviyyə qalxması üçün aktiv çalışmışıq”, - deyə Putin vurğulayıb.
Rusiya Prezidenti iqtisadi əlaqələrə toxunarkən, martın 9-da iki ölkənin baş nazirlərinin danışıqlarını və bu zaman Rusiya hökumətinin başçısı Dmitri Medvedyevin iqtisadi sahədə “tam formatlı rejimdə” qarşılıqlı əlaqələrin bərpasına yönələn addımlar barədə qarşı tərəfə məlumat verdiyini xatırladıb. Vladimir Putin, həmçinin iki ölkə arasında investisiya əməkdaşlığının və iri layihələrin reallaşmaqda davam etdiyini deyib.
Rusiya lideri hər iki ölkənin hərbi qurumlarının Suriya üzrə etibarlı və effektiv şəkildə fəaliyyət göstərdiyini də qeyd edib.
Xatırladaq ki, Türkiyə Prezidenti Moskvaya böyük nümayəndə heyəti ilə gəlib. Onu bu səfərdə baş qərargah rəisi Hulusi Akarla yanaşı, səkkiz nazir müşayiət edir.
Azərtac