Levon Ter-Petrosyan: Ermənistanda seçkilərin saxtalaşdırılacağı gözlənilən idi
Ermənistanda keçirilən parlament seçkilərinin saxtalaşdırılması ilə əlaqədar bu ölkədə narazılıqlar səngimir.
Ekspertlər parlament seçkilərinin bu nəticələrinin əslində gözlənilən olduğunu bildirirlər. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da bu fikirdədir. O deyir ki, seçkilərin nəticələri onsuz da saxtalaşdırılacaqdı. Ona görə də bu gün hər şeyin bir qrupun əlində cəmləşdiyi, xalqın isə əziyyət çəkdiyi Ermənistanda parlament seçkilərindən başqa nəticə gözləmək siyasi savadsızlıq olardı.
“İndi görək Respublikaçılar Partiyası, “Çiçəklənən Ermənistan”, “Daşnaksütyun” partiyaları və “Çıxış” bloku hansı yolla Ermənistan iqtisadiyyatını inkişaf etdirəcək, çoxmilyardlı investisiya axınını təmin edəcək, erməni ordusunu gücləndirəcək, artan emiqrasiyanı dayandıracaq və ən ciddi məsələni - xalqımızın qarşısında duran Qarabağ münaqişəsini həll edəcək”, - deyə Levon Ter-Petrosyan qeyd edib.
Sabiq prezident bildirib ki, seçkilərin nəticələrindən asılı olmayaraq onun rəhbərlik etdiyi blok Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini Ermənistanda gündəmin ən aktual məsələsini çevirməyə nail olub, hətta bunu onun opponentləri də inkar etmir. Ermənistanda bundan sonra hər əsgərin axan qanı, sərhəddəki ölümlərin məsuliyyəti parlamentdə təmsil olunan siyasi qüvvələrin vicdanına yazılacaq.
AZƏRTAC