Neftçalada sahibkarlara güzəştli kreditlər verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, aprelin 13-də bu istiqamətdə növbəti tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum Neftçala Sənaye Zonasında keçirilib.
80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Neftçala Sənaye Zonasında sənaye məhsullarının istehsalı və emalı ilə bağlı hazırlanan nümunəvi investisiya layihələrinin, o cümlədən çörək və şirniyyat məhsulları, plastik qablar, polietilen paketlər, corab, sabun, qablaşdırma materialı istehsalı, süd emalı, bal emalı və qablaşdırılması, meyvəqurutma müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarların təklifləri öyrənilib, maarifləndirici materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, indiyədək Neftçala rayonundan olan 240-dək sahibkara 11 milyon manatadək güzəştli kredit verilib. Bildirilib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, son illər 160-a yaxın müasir sənaye müəssisəsinin maliyyələşdirilməsinə 510 milyon manat güzəştli kredit verilib. Güzəştli qaydada maliyyələşdirilən müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.
Qeyd edilib ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye zonalarının yaradılması böyük əhəmiyyət kəsb edir.
Bildirilib ki, Neftçalada fəaliyyət göstərən sənaye zonasında dövlətin güzəştli kreditləri hesabına balıq yemi istehsalı müəssisəsi maliyyələşdirilib. Bundan əlavə, sənaye zonasında dövlətin güzəştli krediti hesabına plastik tara istehsalı üzrə investisiya layihəsinin maliyyələşdirilməsi müzakirə olunur.
İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 5,3 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, pambıq əkini və emalı müəssisəsinin yaradılması, heyvandarlıq, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək və bu investisiya layihələrinin reallaşdırılması 200-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.
Forum çərçivəsində Neftçala Sənaye Zonasında ildə 25 min ton balıq yemi istehsal etmək gücündə olan müəssisədə avadanlıqların quraşdırılması işlərinə baxış keçirilib.
1news.az