Türkiyədə referendum keçirilir
Bu gün Türkiyədə ölkə konstitusiyasına dəyişiklikləri ilə bağlı referendum keçirilir.
1news.az-ın məlumatına görə, səsvermə prosesi ölkənin şərq vilayətlərində yerli vaxtla saat 07:00-da, qalan vilayətlərdə 08:00-da başlayıb.
Məntəqələr müvafiq olaraq saat 16:00 və 17:00-da bağlanacaq.
Ölkə xaricində yaşayan Türkiyə vətəndaşları artıq səs veriblər. Həmin səslərin nəticəsi ölkədə ümumxalq səsverməsinin nəticələri ilə eyni vaxtda açıqlanacaq.
Referendum üzrə 167 min 140 seçki məntəqəsində 55 milyon 319 min 222 vətəndaş səs verə biləcək. Eyni zamanda, həbsxanalarda daha 461 seçki məntəqəsi yaradılıb.
Ölkə tarixində sayca yeddinci olan bu referendum konstitusiyanın 18 maddəsinə düzəliş edilməsini nəzərdə tutur.
Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.
1news.az