Hüseynbala Mirələmov: Siyasi lider kimi Heydər Əliyev insanları bəyan etdiyi bəşəri məqsəd və dəyərlər ətrafında birləşdirdi | 1news.az | Xəbərlər
Siyasət

Hüseynbala Mirələmov: Siyasi lider kimi Heydər Əliyev insanları bəyan etdiyi bəşəri məqsəd və dəyərlər ətrafında birləşdirdi

16:58 - 03 / 05 / 2017
Hüseynbala Mirələmov: Siyasi lider kimi Heydər Əliyev insanları bəyan etdiyi bəşəri məqsəd və dəyərlər ətrafında birləşdirdi

Hər bir tarixi mərhələ öz liderinə möhtacdır. O lider öz dövrünün varisidir, onun cağırışına Tanrının bir cavabıdır. Makedoniyalı İsgəndər, Şah İsmayıl Xətai, Çingizxan, Birinci Pyotr, Napoleon, A.Linkoln və bir çox başqaları zamanın, dövrün ehtiyacından doğulmuş lider şəxsiyyətlərdir. Liderliyə iddialılar da çox olur, ancaq tarix öz tələblərinə cavab verənləri seçir və bu seçim əksər hallarda bir millətin, bir xalqın və bəzən bütün bəşəriyyətin tarixində bir dönüşə səbəb olur.

1news.az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisin deputatı, yazıçı-publisist Hüseynbala Mirələmov  “Azərbaycan” qəzetində çıxan məqaləsində deyib:

“Bizlər Azərabycan xalqının lideri, zəmanəsinin siyasət fenomeni Heydər Əiyev kimi dahinin müasiri olmuş, onun xalqı və dövləti qarşısında misilsiz xidmətlərinin uğurlu nəticələrini görmüşük.

Dünyanın bir çox xalqlarının tarixi kimi, müstəqil Azərbaycanın 25 illik tarixi də sübut etdi ki, siyasi hakimiyyəti reallaşdırma mexanizmi başlıca hərəkətverici şəxs - hakimiyyət münasibətlərində mərkəzi yer tutan siyasi lider olmadan fəaliyyət göstərə bilməz. 25 il xalqın tarixində elə də böyük zaman deyil. Ancaq bu illər Azərbaycan üçün ciddi sınaqlar dövrü oldu. Zaman göstərdi ki, Azərbaycan xalqı bütün çətinlikləri dəf etmək iqtidarındadır, əlbəttə, əgər dəyanətli milli lideri, böyük miqyaslı dövlət xadimi varsa.

Müstəqilliyimizin bərpa edildiyi erkən dövrdə baş verənlər hamımızın yadındadır. Proses o qədər sürətlə getdi ki, siyasi liderliyi qaragüruhçular ələ alıb hakimiyyətə gəldilər. Bu, Azərbaycanın müstəqilliyə və azadlığa qovuşmaq mərhələsinin elə məqamları idi ki, ictimai-siyasi proseslər nə məntiqə, nə də əxlaq qanunlarına sığırdı.

Sovetlər Birliyinin parçalandığı, xalqların və respublikaların müstəqilliyə qovuşduğu həmin illəri təhlil edən sovetoloqlar yazırdı ki, siyasi və iqtisadi böhran əksər ölkələrdə kəskin, qeyri-sabit şərait yaradır və bu da siyasi düşüncədə bütün problemləri çözəcək bir möcüzənin baş verəcəyi ümidini oyadırdı. Bilik və əsaslandırılmış istiqamətlər ümidlərlə əvəzlənirdi.

Biz şahidiyik ki, ötən əsrin səksəninci illərində sosializmin inzibati-amirlik modelinin böhranı bu tip liderlərin bütöv bir nəslini həyata gətirdi. Bu proses Azərbaycandan da yan keçmədi və kütlənin qaynar vətənpərvərlik oyanışından faydalanaraq təşəbbüsü ələ alan bu tip Azərbaycan “liderləri” çox cidd-cəhdlə peşəkar, fenomenal, özünü dövlət idarəçiliyinin ən yüksək postunda təsdiqləyən xarizmatik bir lideri - Heydər Əliyevi bütün vasitələrlə siyasi proseslərdən kənarlaşdırmağa çalışdılar.

Dünyada baş verən prosesləri dərk etmək iqtidarında olmayan bu insanlar nəticədə müstəqillik ideyası ətrafında birləşən cəmiyyəti parçaladılar və qarşı-qarşıya qoydular, ölkəni vətəndaş müharibəsi sindromuna yoluxdurdular. Yalniz bu məqamda öz acizliklərini dərk edib, Heydər Əliyevə çağırış edən xalqın qəzəbindən qorxub hakimiyyəti biabırcasına tərk etdilər. Bu məqamdan başlayaraq Heydər Əliyev həqiqi lider kimi hiddət və qəzəb doğuran bu gerçəkliyə özünəməxsus təmkini, məntiqi, siyasi dünyagörüşü, uzaqgörənliyi ilə yanaşdı və az bir zamanda məhv olmaq təhlükəsiylə üz-üzə qalan, mürəkkəb, ziddiyyətli, psixoloji cəhətdən son dərəcə gərgin problemləri çox ustalıqla həll etdi.

Məhz həmin məqamlarda bu nadir siyasi istedad sahibi olan dövlət adamı bütün dünya azərbaycanlılarının ümummilli liderinə çevrildi, onun səsinə dünyanın hər yerindən səs verdilər. Heydər Əliyev qeyd-şərtsiz xalqın mənəvi dünyasında belə möcüzələr yaratmaq iqtidarında olan siyasi lider obrazında canlanmağa başladı və bu ona sonsuz ümumxalq inamını və etimadını yaratdı.

Zaman göstərdi ki, xalq heç də yanılmayıb. Siyasi lider kimi Heydər Əliyev hakimiyyətdə qərarların qəbul edilməsində və reallaşdırılmasında müstəsna rol oynayırdı və bu qərarlar siyasi proseslərdə, eyni zamanda dövlətin idarə edilməsində əsas oriyentirlər idi. Heydər Əliyevin siyasi lider kimi gücü onda idi ki, hadisələrə həlledici təsir göstərir və siyasi prosesləri ustalıqla yönəldirdi. Məhz onun müstəsna bacarığı sayəsində ictimai həyat transformasiya olunur və siyasi şərait sürətlə sabitliyə yönəldilirdi.

Siyasi lider kimi o, insanları bəyan etdiyi bəşəri məqsəd və dəyərlər ətrafında birləşdirdi, onların maraqlarını qoruya bildi, xalqın, həm də gənc dövlətin qarşılaşdığı çox ciddi problemlərdən çıxış yollarını göstərdi, bu yolda onlarla birgə addımladı, ictimai həyatı canlandırdı və inkişaf etdirdi. Dövlət başçısı olaraq qəbul etdiyi qərarların reallaşacağına görə məsuliyyəti öz üzərinə götürdü. Son illər təkcə Azərbaycanda deyil, xarici ölkələrdə belə diqqətlə öyrənilən Heydər Əliyev idarəçiliyinin möcüzəsi isə onda idi ki, o, parçalanmaq həddində olan, vətəndaş müharibəsi ilə üz-üzə qalan Azərbaycanda xalqının minillər arzusunda olduğu müstəqil milli dövlətçiliyin əsasını qoydu, onu möhkəmləndirərək əzəmət verdi, ölkəni təhdid edən vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı, qarşılıqlı ittihamlara, hakimiyyət uğrunda gedən çəkişmələrə birdəfəlik son qoydu.

Dünya şöhrətli bu dahinin tam bitkin obrazını yaratmaq hələ illərlə vaxt istəyəcək. Amma yazıçı həmkarım, dostum, Nobel mükafatı laureatı olmuş dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun Heydər Əliyev fenomeninin siyasi-fəlsəfi portretinə çevrilmiş aşağıdakı fikirləri indiki məqamda, elə bilirəm ki, tam yerinə düşür: “Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsdir. Bu, sövet dövründə də belə idi, bugünkü MDB məkanında, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur. Heydər Əliyev onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimlərin bacarmadığı xüsusiyyəti - müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir... Bütün bu həqiqətlər qloballaşan bazar iqtisadiyyatı şəraitində, dünyanın gözü qarşısında cərəyan edir. Müstəqillik dövründə qarşılaşdığı çox böyük çətinliklərə, problemlərə baxmayaraq, Azərbaycan həm bölgədə, həm də dünyada layiqli, demokratik yerini tutmuşdur.

Bu məsələdə isə həlledici rol, tarixi missiya Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin öhdəsinə düşür. Çünki o, müasir dövrün siyasi liderləri arasında böyük ehtiyac duyulan bir şəxsiyyətdir.

Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindəndir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir”.

Bu gün isə vəziyyət bir qədər fərqlidir. İndi insanlar və cəmiyyət üçün vacib olan ən ümdə məsələ fərdi və ictimai rifahı, sabitliyi təmin edən dövlətin sosial-iqtisadi inkişafında siyasi liderin roludur. Əlbəttə, siyasi lider strukturunda onun xarakterini müəyyənləşdirən çox mühüm komponentlər vardır:

İlk növbədə liderin fərdi cizgiləri: xarakterinin gücü, qətiyyəti, iradəsi, intuisiyası, şəxsiyyətinin cazibəsi və s.

Peşəkarlıq keyfiyyətləri: analitik bacarığı, şəraitdən tez və dəqiq baş açması, inandırmaq və başqasının rəyinə qarşı çıxmaq cəsarəti, natiqlik məharəti, təşkilatçılıq bacarığı, qərarların qəbul edilməsində kompetentlik, kompromisə hazır olmaq, diplomatiya və s.

Mənəvi keyfiyyətlər: xeyirxahlıq, ictimai borca sədaqət, insanlara, cəmiyyətin rifahına qayğı və ədalətli yanaşma.

Bu gün tam qətiyyətlə deyə bilərik ki, bu keyfiyyətlərin hər biri XXI əsrin dünya liderləri nəslinin ən parlaq nümayəndəsi olan cənab Prezident İlham Əliyevin simasında cəmləşib. Ulu öndər 2003-cü ildə uzaq Klivlənddən xalqa müraciətində qətiyyətlə yazırdı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Liderlik istedaddır və o, heç də siyasətin hər bir subyektində olmur. Yalnız müstəqil düşüncəsi, parlaq zəkası olan və kütlənin marağını ifadə edən şəxsiyyət lider ola bilər. İlham Əliyev siyasi və iqtisadi qərarlar qəbul edərkən onları real şəraitə uyğunlaşdırır.

Azərbaycan Prezidenti eyni zamanda xarizmatik liderdir və bu “liderlik haqqı” ona mənsub olduğu siyasi elitadan və onun ictimai mənşəyindən gəlir. Xarizmalı lider təkcə öz hərəkətləri ilə deyil, həm də mənəvi gücünün təsiri ilə, özünün mövcudluğu faktı ilə cəmiyyəti ətrafına toplaya bilir.

Prezident İlham Əliyevin idarəçilik strategiyasında Heydər Əliyev fəlsəfəsini inkişaf etdirmək, cəmiyyətdə sosial ədalət prinsiplərini genişləndirmək və dünya iqtisadiyyatına uyğun idarəetməni təkmilləşdirmək, eyni zamanda ölkəni kənar totalitarizmdən və dünyadakı totalitar ekspansiyadan qorumaq başlıca vəzifələr hesab edilirdi. Müasir sivilizasiya yalnız belə bir dövlətin sayəsində insan şəxsiyyətinin siyasi, sosial, mənəvi və hətta intellektual və elmi inkişafı üçün zəruri olan hər şeyi edə bilir. Yalnız belə olan bir şəraitdə dövlətin ali funksiyaları - qanunçuluğun təmin olunması və siyasi cəmiyyətin azad inkişafına yardım bərqərar olunacaqdır.

Ümummilli lider Heydər Əliyevin qurduğu və Prezident İlham Əliyevin əzmlə inkişaf etdirdiyi Azərbaycan sosial dövlətdir. Ona görə ki, bütün ictimai həyat və fəaliyyətin potensial subyekti kimi insan bu dövlətin, dövlət hakimiyyəti institutlarının başlıca vəzifəsinə çevrilmişdir. Bu dövlətdə şəxsiyyətin sosial maraqlarını müdafiə edən hüquqi sistem yaradılmışdır, iqtisadiyyat, siyasət və cəmiyyətin mənəvi həyatı vətəndaşların sosial poblemlərinin həllinə istiqamətləndirilmişdir.

Müxtəlif Qərb ölkələrinin təcrübəsi və alimlərin apardıqları sosial tədqiqatlar sübut edir ki, bütün sahələrdə əsas prinsiplərini reallaşdıran və bərqərar edən demokratiya iqtisadiyyatın dinamik inkişafı və bununla da sosial rifahın təminatı üçün münbit zəmin yaradır. Prezident İlham Əliyev hakimiyyətinin ilk günündən ulu öndər Heydər Əliyevin bu istiqamətdə strateji xəttini davam etdirmək üçün yaxından bildiyi və əxz etdiyi dünya ölkələrinin bu təcrübəsindən çıxış edib demokratiyanı təkmilləşdirməklə Azərbaycan cəmiyyətinin və onun iqtisadi bazisinin modernləşdirilməsinin əsasına çevirməkdə israrlı oldu və bu gün də bu xətt davam etdirilir.

Azərbaycanda sosial rifaha xidmət edəcək iqtisadiyyatın, demokratik dövlət strukturunun özü də modernləşmədən keçir və tərəqqiyə yalnız bu yolla çatmaq mümkün idi. İlham Əliyevin dövlətçilik düşüncəsinin praqmatizmi onda idi ki, o, tərəqqiyə aparan yolu - modernləşməni seçdi. Bütün sahələrdə islahatlar ölkə boyu infrastrukturun müasir innovasiyalara uyğun olaraq genişləndirilməsinə yönəldi: genişmiqyaslı məktəb tikintisinə, yolların modernləşdirilməsinə, şəhər və qəsəbələrin elektrik güclərinin artırılmasına başlanıldı, rabitə və kommunikasiya sisteminin kəskin yüksəlişi baş verdi.

Bununla paralel olaraq Heydər Əliyevin dəstəyi ilə yaranan sahibkarlıq təbəqəsi Prezidentin bu strateji xətti də davam etdirməkdə qətiyyətli olduğunu yetərincə hiss etdi. Çox qısa bir müddətdə dövlət başçısı bu mexanizmin inkişafı və bərqərar olması üçün bir çox tədbirləri gerçəkləşdirdi - inzibati maneələr aradan qaldırıldı, biznesə vergi təzyiqlərinə son qoydu və bu sahənin kəskin ehtiyac duyduğu dövlət tərəfindən güzəştli kreditlərlə təmin edilməsinə geniş imkanlar yaratdı.

XXI əsrin ilk onilliyində ölkənin sosial-iqtisadi inkişafının yeni hədəflərini müəyyənləşdirən dövlət proqramları işlənib hazırlandı və həyata keçirilməyə başlandı. Gənc müstəqil dövlətin az bir zamanda qazandığı uğurlar artıq beynəlxalq aləmdə təsdiqləndi və heyrət doğurdu. Azərbaycan böyük bir inkişafa, iqtisadi sıçrayışa nail oldu. Məram bəlli idi: insan kapitalının keyfiyyətcə yüksək inkişafını təmin etmək, dövlət orqanları ilə özəl strukturlar arasında qarşılıqlı əlaqələri tənzimləyəcək, cəmiyyəti yüksək sosial rifaha aparacaq rəqabətqabiliyyətli sosial-iqtisadi model yaratmaq. Dövlət hakimiyyətinin səmərəliliyini daha da artırmaq və yeni, mobil idarəçilik mərhələsinə keçidin mühüm sosial tələbat olduğunu gözəl bilən Prezident İlham Əliyev bu məsələni də xüsusi nəzarətdə saxlayır və tədrici islahatlarla reallaşdırır.

İndi bu siyasi xətt çox çevik şəkildə Azərbaycandakı ictimai quruluşu iki əsas üzərinə keçirməkdədir - dövlət və vətəndaş institutları və bazar iqtisadiyyatı. Demokratik ideallara sadiqliyi sözdə bəyan etməklə deyil, onları çox böyük qətiyyətlə və ardıcıllıqla həyata keçirən Azərbaycan hakimiyyəti məhz bu sahədəki nailiyyətləri sayəsində, cəmiyyətin bütün təbəqələrinin maraqlarının ifadəçisi və müdafiəçisi olduğunu öz vətəndaşlarına göstərmiş oldu. Bu, dövlətə və onu təmsil edən Prezident İlham Əliyevə öz xalqının yüksək etimadını qazandırdı. Elə bu etimada görə bəzi Qərb dövlətlərinin ikili standartlarla siyasi oyunlar oynamasına baxmayaraq, 2013-cü ildə də İlham Əliyev yenidən böyük səs çoxluğu ilə Prezident seçildi.

Ümummilli lider Heydər Əliyevin dövlətçilik təcrübəsi və nəzəriyyəsi əsasında, qloballaşan dünyanın qarşıya qoyduğu tələbləri nəzərə almaqla tam yeni bir mərhələnin strateji proqramını işləyib hazırlayan və həyata keçirən Prezident İlham Əliyev ona göstərilən etimadı sadəcə doğrultmaqla kifayətlənmir, həm də özünün lider təyinatını təsdiqləyir. Müasir dünyanın üzləşəcəyi problemləri qabaqlamağı bacarır və öz ölkəsinin bu problemlərdən əziyyət çəkməməsi üçün dövlət aparatının səmərəliliyini artırır, Azərbaycanı beynəlxalq siyasi təşkilatların fəal və nüfuzlu üzvünə, regionun lider dövlətinə, dünyanın qlobal siyasi məsələlərinin müzakirə olunduğu mərkəzə çevirir. Bu mənada onun siyasi lider kimi nə qədər dövlətçi olduğu göz önündədir.

Dövlət başçısı olaraq İlham Əliyev həm də ölkəsinin on illər uzağı nizamlayacaq perspektivləri aydın görür. Onun insan təkcə “inkişaf faktoru”, “modernləşdirmə resursu” yox, həm də ali məqsəd, ali dəyərdir düşüncəsi ilə apardığı islahatlar millətin rifahını illər uzunu təmin edəcək məramlardan irəli gəlir. O, sadəcə gözəl fikirlər açıqlamır, bu sahədə etibarlı təminat sistemini qurmaq üçün müəyyən mexanizmlər, onların reallaşması üçün şərait yaradır. Onun rəhbərlik etdiyi dövlətin aydın və dəqiq işlənmiş sosial-iqtisadi siyasəti var və bu siyasət də Azərbaycanda öz uğurları ilə xalqın həyatına işıq saçır.

XXI əsrin əvvəllərindən başlayaraq dünyada gedən proseslər göstərir ki, indi milli dövlətlərin suverenliyinə təsir göstərən qlobal siyasət formalaşmaqdadır. Siyasi qloballaşma müasir dünya düzənini dəyişir, ənənəvi milli dövlətçilik formalarına öz düzəlişlərini edir və beynəlxalq siyasi münasibətləri yenidən sistemləşdirir.

Qlobal siyasət bu gün təkcə ənənəvi coğrafi maraqlara deyil, həm də bir çox iqtisadi, sosial və başqa problemlərə istiqamətlənib. Ona görə də dövlət suverenliyinin komponentləri - daxili hakimiyyət, sərhədlərə nəzarət, siyasi muxtariyyət, qarışmamaq - presedentsiz çağırışlarla qarşılaşmaqdadır. Mahiyyətcə dəyişikliklər dövlət və milli suverenliyin konsepsiyasının bütün tərkib hissələrinə toxunur. Zəif dövlətlər, məsələn, Ermənistan, Moldova, hətta Ukrayna kimi dövlətlər kənardan öz daxili işlərinə qarışmağı daha çox hiss edirlər.

Dünya düzəninin belə bir vaxtında siyasi liderin rolu daha çox zəruri hesab edilir. Ümumiyyətlə, kəskin dönüş mərhələlərində tez və vaxtında qərar qəbul etmək, konkret vəzifələri düzgün dərk etmək bacarığı tələb olunanda liderin rolu xüsusilə böyük olur. Ona görə də cəmiyyət arasında belə bir ictimai fikir formalaşıb ki, “güclü lider” bütün problemləri həll edə bilər. Milli liderlər qlobal problemləri nəzərə almaya bilmirlər. Onlar öz daxili siyasətlərini ümumdünya, qlobal proseslərin bir hissəsi kimi nəzərdən keçirməlidirlər. Prezidentin bu sahədə beynəlxalq müstəvidə siyasi manevrləri və çevik diplomatiyası deməyə əsas verir ki, Azərbaycan həqiqətən doğru yoldadır.

XXI əsrdə qloballaşma prosesi ilə yanaşı, sürətli regionlaşma da getməkdədir. Regionlaşma hazırda beynəlxalq münasibətlər sisteminə daha çox təsir göstərməyə başlayır, dünya siyasətinin qlobal və regional tərkib hissələri arasında nisbətlər dəyişməyə başlayır, həmçinin regionun dövlətin daxili işlərinə təsiri güclənir. Məsələyə bu aspektdən yanaşsaq, o zaman etiraf etmək lazımdır ki, Azərbaycan bütövlükdə Qafqazın mühüm siyasi aktoruna çevrilmişdir. Bu, Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyasının ən önəmli məqamlarından biridir.

Hazırda dünya təsərrüfatı proseslərinin idarə edilməsinin səmərəli sistemini yaratmaq perspektivləri bəzi şərtlərlə müəyyənləşir. Əvvəla, dövlətlərin və beynəlxalq təşkilatların qərar qəbul etməsinə təsir göstərən siyasi bazarın subyektlərinin dairəsi genişlənir. Bununla da iqtisadi maraqların reprezentasiyası və aqreqasiyasının ənənəvi mexanizmi zəifləyir. İkincisi, son onillikdə dünya iqtisadiyyatının açıq dəyərlərinə istiqamətlənmiş çoxsaylı regional iqtisadi qruplaşmalar yaranır ki, onlar subyektlərin spesifik maraqlarının müdafiəsinin güclü alətlərinə çevrilərək iqtisadi siyasətin işlənməsinə həlledici təsir göstərirlər.

Bütün bunları nəzərə almadan firtınalar qopan bu dünyada Azərbaycanın müstəqil dövlətçiliyini qorumaq o qədər də sadə görünməsin gərək. Müharibə şəraitində tərəqqi tapan, torpaqlarının 20 faizi işğal altında qalmış, dünyanın bir çox dövlətlərinin marağında olan Azərbaycanın uğurları Prezident İlham Əliyevin daha güclü və daha dərin zəkaya sahib lider olduğunu nümayiş etdirir. Bu gün Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini qorumaq üçün ona güclü dövlət və bu güclü dövləti idarə etmək üçün güclü lider - İlham Əliyev indi daha çox lazımdır.

Bu gün Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Keyfiyyətcə yeni mərhələdə elə Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi başlıca hədəflərdən biri də məhz aktual çağırışlara cavab verə bilən idarəetmə modelinin formalaşdırılmasıdır. Ona görə aparılan islahatların mühüm bir istiqaməti də məhz struktur dəyişiklikləri, idarəetmənin təkmilləşdirilməsidir.

Bu mənada son aylar ölkə həyatında baş verən ən əhəmiyyətli hadisələrdən biri də müvafiq konstitusiya dəyişikliklərindən irəli gələrək dövlət idarəçilik sistemində təsis edilmiş Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə görkəmli ictimai xadim Mehriban Əliyevanın təyin edilməsi oldu. Ölkə vətəndaşlarının böyük sevinc və ümidlə qarşıladıqları bu təyinat respublikamızda aparılan islahatların məntiqi davamı və ölkədə yeni bir tarixi reallığın başlanğıcıdır. Bu reallığın xarakterini, Azərbaycanın gələcəyi üçün yaratdığı möhtəşəm perspektivləri ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş şəxsiyyətin mənəvi keyfiyyətləri, Azərbaycan xalqına və dövlətinə olan sevgisi, indiyə qədər daşıdığı bütün vəzifələrdə cəmiyyətimizə və ümumən bəşəriyyətə qazandırdığı nailiyyətlər təyin edir.

Bu, təsadüfi bir təyinat olmayıb uzun illərdən bəri ölkəmizin, eləcə də dünyanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan Mehriban Əliyevaya ümumxalq rəğbətindən, cəmiyyətin sosial sifarişindən, eyni zamanda belə həlledici mərhələdə islahatlar prosesinə böyük dəstək ola biləcək bacarıqlı təşkilatçı, yüksək səriştəli menecer kimi Mehriban xanımın peşəkar imkanlarından dövlət idarəçiliyində də istifadə zərurətindən irəli gələn bir qərardır.

O, indiyə qədər yerinə yetirdiyi bütün vəzifələrdə öz potensialını, yüksək məsuliyyət hissini, təşkilati-idarəetmə məharətini ortaya qoyduğu parlaq nəticələrlə təsdiqləyib. Mehriban Əliyeva sıralarında 700 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının sədr müavini kimi xeyli müddətdən bəri siyasi proseslərin fəal iştirakçısıdır. Onun partiyanın ali rəhbərliyində təmsilçiliyi bu qurumun gücünü daha da artırıb, cəmiyyətin ictimai-siyasi həyatında qadın fəallığı ənənələrinin inkişafına stimul yaradıb. Mehriban xanım Əliyeva ötən əsrin 90-cı illərinin ortalarından bəri genişmiqyaslı, sistemli, ardıcıl layihələrlə milli mədəniyyətimizi bütün dünyada təbliğ edir. 2004-cü ildən fəaliyyət göstərən və bu gün regionun ən böyük və nüfuzlu ictimai təşkilatlarından birinə, insanların ümid yerinə çevrilmiş Heydər Əliyev Fondunun prezidenti kimi o, hər biri Azərbaycan və ümumilikdə bəşəriyyət üçün tarixi əhəmiyyət daşıyan proqramlar, layihələr gerçəkləşdirir. Bu proqram və layihələrin nəticələrindən milyonlarla adam faydalanıb və bu gün də faydalanmaqdadır.

Təlqin etdiyi xeyirxahlıq, mərhəmət, maarifçilik kimi ali dəyərlər, yer üzündə sülhə, mədəni dəyərlərin qorunmasına, sivilizasiyalararası dialoqa verdiyi töhfələr beynəlxalq aləmdə Mehriban xanım Əliyevaya böyük nüfuz qazandırıb. UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi o, bütün dünyada Qərb və Şərq dünyasının bu iki yüksək statusunu eyni vaxtda daşıyan ilk və yeganə şəxsiyyətdir.

Azərbaycan Gimnastika Fedarasiyasının prezidenti, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü kimi Mehriban xanım Əliyevanın milli mədəniyyətimizin, Azərbaycan idmanının inkişafında da böyük rolu var. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin, 2015-ci ildə I Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi bu mühüm tədbirlərin Təşkilat Komitəsinin rəhbəri kimi Mehriban Əliyevanın gərgin zəhmətinin, yüksək təşkilatçılıq qabiliyyətinin, ölkə rəhbərinin böyük əminliklə ona həvalə etdiyi mühüm vəzifəni qısa bir müddətdə layiqincə yerinə yetirməsinin nəticəsi idi.

Mehriban Əliyeva bu ay ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təşkilinə hazırlıq işlərini də eyni məsuliyyətlə yüksək səviyyədə davam etdirməkdədir. Oyunlara hazırlıq işləri artıq başa çatmaq üzrədir. Azərbaycan yenə dünyanı yaxşı mənada heyrətləndirəcək. İslam Həmrəyliyi Oyunlarının illər sonrakı növbəti silsilələri üçün yeni meyarlar, daha üstün səviyyələr müəyyənləşdirəcək. Buna əminik. Çünki Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi təşkilati-hazırlıq işlərinin nəticəsini başqa cür təsəvvür etmək mümkün deyil.

Bugünkü uğurlarımız bir daha göstərir ki, Azərbaycan dövləti müasir dünyamızda nə istədiyini bilir və qlobal inkişaf proseslərindən milli maraqlar naminə faydalanmaq üçün aydın, əsaslandırılmış və ardıcıl fəaliyyət kursuna malikdir. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilərək xalqımızı xoşbəxt gələcəyə aparan bu kurs bundan sonra da uğurla davam etdiriləcək, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yeni inkişaf templərini sürətləndirəcək və qabaqcıl dövlətlər arasında layiqli yerini daha da möhkəmləndirəcəkdir.

S.Xankişiyeva

Paylaş:
1085

Son xəbərlər

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38
Bütün xəbərlər