Səudiyyə Beynəlxalq Qolf Turniri qeyri-müəyyən müddətə təxirə salınıb
Asiya Turu mövsümün sonuncu yarışı olan Səudiyyə Beynəlxalq Qolf Turnirini qeyri-müəyyən müddətə təxirə salıb.
1news.az Reuters-ə istinadən xəbər verir ki, buna səbəb gələn ay yarışın keçirilməsi planlaşdırılan Ər-Riyad şəhərinin beynəlxalq hava limanına edilən və insan tələfatı ilə nəticələnən hücumdan sonra yaranmış vəziyyətdir.
Yəməndəki husilər Səudiyyə Ərəbistanının hava limanlarına, limanlarına və neft obyektlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirirlər.
Ötən həftəsonu ölkənin paytaxtına edilən hücum nəticəsində azı 12 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.
Asiya Turunun yaydığı bəyanatda bildirilib ki, turnirin təxirə salınması ilə bağlı qərar yarışın təşkili və logistika məsələləri ilə əlaqədar çətinliklərin qiymətləndirilməsindən sonra qəbul edilib. Qurum yarışın beynəlxalq nüfuzuna uyğun səviyyədə keçirilməsinin təmin olunmasının vacibliyini vurğulayıb.
Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) tərəfindən maliyyələşdirilən və mükafat fondu 5 milyon dollar olan turnirin noyabrın 18-dən 21-dək Ər-Riyad Qolf Klubunda keçirilməsi planlaşdırılırdı.
Asiya Turunun komissarı Ço Min Tan bildirib ki, PIF Səudiyyə Beynəlxalq Turniri qurumun təqvimində ən mühüm yarışlardan biridir.
“PIF Səudiyyə Beynəlxalq Turniri Asiya Turunun təqvimində ən mühüm yarışlardan biridir və gələcəkdə oyunçularımızın Ər-Riyadda mübarizə aparmasını səbirsizliklə gözləyirik”, – o qeyd edib.












