Deputat: İdeoloji təhlükəsizlik məktəbdən başlayır | 1news.az | Xəbərlər
Siyasət

Deputat: İdeoloji təhlükəsizlik məktəbdən başlayır

Oksana Orucova09:56 - Bu gün
Deputat: İdeoloji təhlükəsizlik məktəbdən başlayır

"Bu gün təhlükəsizlik deyəndə yalnız sərhədlərin qorunması nəzərdə tutulmur". 

Bu fikri Milli Məclisin deputatı Naqif Həmzəyev 1news.az-a verdiyi açıqlamasında bildirib:

“Bu gün təhlükəsizlik deyəndə yalnız sərhədlərin qorunması nəzərdə tutulmur. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında bunu açıq şəkildə dilə gətirib: "İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir".

Dövlət başçısının sözlərinə görə, sərhədlərimiz müasir texnologiyalarla etibarlı qorunur. Lakin təhdidlərin hamısı sərhəddən keçib gəlmir. Prezident bu barədə deyib ki: "İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında." Belə təsirlərin ən çox hədəfə aldığı kəsim isə hələ dünyagörüşü formalaşan uşaqlar və gənclərdir.

Bəs bunun qarşısını necə almaq olar? Prezidentin bu suala da cavabı aydındır: "İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik".

Bəzi xarici mərkəzlər idarə etdikləri media və sosial şəbəkələr vasitəsilə cəmiyyətə təsir göstərməyə çalışır. Onlar din amilindən də vasitə kimi istifadə edir, məzhəblər arasında ziddiyyət yaratmağa və gəncləri radikal cərəyanlara cəlb etməyə cəhd göstərirlər. Məhz buna görə məktəbin rolu daha da önəmlidir. Məktəb təkcə bilik verən yer deyil. O, uşaqları birgə yaşamağa hazırlayan və cəmiyyətin gələcəyini formalaşdıran sosial institutdur. "Ümumi təhsil haqqında" Qanunda edilən dəyişikliklər də bu məqsədə xidmət edir: dövlət məktəblərində vahid yanaşmanı təmin etmək.

Vahid məktəbli forması bu yanaşmanın əsas hissələrindən biridir. Uşaqlar eyni geyimdə olanda ailələrin maddi fərqi nəzərə çarpmır. Bu, sosial bərabərsizlik hissini azaldır və ayrı-seçkilik risklərinin qarşısını alır. Forma həm də şagirdlərdə kollektivə bağlılıq, məsuliyyət və məktəb kimliyi hissini gücləndirir. Söhbət yalnız geyimdən getmir. Bu, eyni zamanda təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir.

Tələblər yalnız şagirdlərə aid deyil. "Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər" müəllimlər üçün də vahid qayda müəyyən edir. Şagirdlər forma geyinirsə, müəllimin işgüzar üslubda görünməsi də məktəbin ümumi mədəniyyətinin bir hissəsidir. Belə üslub müəllimin həm təhsil müəssisəsinin nümayəndəsi, həm də peşə standartlarının daşıyıcısı olduğunu göstərir".

Deputat həmçinin vurğulayıb ki, şagird və müəllimin geyimi sadə və səliqəli olmalıdır ki, məktəbin ictimai nüfuzuna yaxşı təsir göstərsin:

"Müəllimin geyimi sadə və səliqəli olmalıdır. O, işinə və dərsin idarə olunmasına mane olmamalı, şagirdlərin diqqətini yayındırmamalıdır. Eyni zamanda şagirdlərdə geyim mədəniyyətinə düzgün münasibət formalaşdırmalıdır. Müəllimin görünüşü onun pedaqoji nüfuzunu qoruyur və məktəbin ictimai nüfuzuna da müsbət təsir göstərir.

Məsələnin həllində hər kəsin payı var. Valideynlər məktəbin qaydalarına əməl etməli və övladlarına bu qaydaların mahiyyətini izah etməlidir. Müəllimlər öz nümunəsi ilə şagirdlərə yol göstərməlidir. Məktəb rəhbərliyi isə qaydaları izah edərək, hamıya eyni şəkildə tətbiq etməlidir. Cəmiyyət də sosial şəbəkələrdə yayılan şayiələrə inanmamalı, məlumatı rəsmi mənbələrdən götürməlidir".

Son olaraq, deputat bildirib ki, nəticədə məktəbdə vahid qayda yalnız nizam-intizam məsələsi deyil. Bu, təhsilli, birlik və həmrəylik ruhunda böyüyən, ideoloji təxribatlara qarşı güclü immuniteti olan nəsil yetişdirməyin bir yoludur.


 

Paylaş:
176

Son xəbərlər

Bütün xəbərlər