Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin ilə görüşüb.
Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və İƏT arasında yüksək səviyyəli əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
E.Məmmədyarov Azərbaycanın İƏT ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verdiyini qeyd edib, İslam dünyası ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində İƏT-in əvəzsiz platforma olduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyini xatırladan nazir ölkəmizin ev sahibliyi ilə mayın 12-də IV İslam Həmrəylik Oyunlarının açılış mərasiminin keçiriləcəyini deyib.
Azərbaycanın İƏT-in beynəlxalq arenada rolunun artmasında maraqlı olduğunu bildirən nazir E.Məmmədyarov BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirməsi” mövzusunda qurumun yüksək səviyyəli iclasının keçirildiyini diqqətə çatdırıb. Bunun İƏT-Azərbaycan əlaqələrinin artıq strateji tərəfdaşlıq xarakteri daşımasına bariz nümunə olmaqla yanaşı, İƏT-BMT əməkdaşlığının genişlənməsinə də töhfəsini verdiyini əlavə edib.
Nazir Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT-in yekdil və birmənalı mövqeyinin, həmçinin “Xocalıya ədalət!” kampaniyasına dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, həmçinin 2016-cı il aprelin 10-15-də İstanbulda keçirilmiş İƏT zirvə toplantısında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt qrupunun təsis edilməsinin əhəmiyyətindən danışıb.
Baş katibi Yusif Əl-Osaymin Azərbaycanın dinlərarası dözümlülük və mədəniyyətlərarası dialoq üçün nümunəvi bir məkana çevrildiyini və bu sahədə keçirilən tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib, ölkəmizin İslam dininin sülh, əməkdaşlıq və dostluq dini kimi təşviqi və İslamın əsl dəyərlərini təqdimatı istiqamətində fəaliyyətinin təqdirəlayiq hal olduğunu vurğulayıb.
Nazir E.Məmmədyarov Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində xalqımıza məxsus İslam mədəniyyət abidələrinin və dini ibadət ocaqlarının məhv edilməsi siyasətini həyata keçirdiyini və bununla əlaqədar İƏT-in müvafiq qətnamələr qəbul etdiyini xatırladıb, bütün üzv dövlətlərin Ermənistanın bu vandalizm əməllərinə son qoyması üçün səylərini artırmasının önəmini qeyd edib.
Baş katib İƏT-in Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəti və dəyişməz dəstəyini bir daha diqqətə çatdırıb.
Görüşdə İƏT çərçivəsində sahəvi əməkdaşlığın inkişafı, təşkilatın struktur islahatı, digər beynəlxalq təşkilatlarla əməkdaşlığı kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
1news.az