Bakıda “Heydər Əliyev və Azərbaycan sərhəd mühafizəsi” mövzusunda elmi-praktik seminar keçirilib – FOTO
Mayın 3-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan sərhəd mühafizəsi” mövzusunda elmi-praktik seminar keçirilib.
1news.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Anar Ələkbərov elmi-praktik seminarın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edildiyini, bu cür tədbirlərin Heydər Əliyev irsinin, ümummilli liderin Azərbaycanın bütün sahələrdə inkişafındakı rolunun öyrənilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyətli olmasını qeyd edib.
Mərkəzin Azərbaycan tarixinin və mədəni irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirdiyi layihələrdən söz açan Anar Ələkbərov burada müxtəlif mövzuları əhatə edən beynəlxalq konfransların, forumların və seminarların təşkil olunduğunu qeyd edib. Vurğulayıb ki, həmçinin mədəniyyət və incəsənət sahəsində həyata keçirilən layihələrə xüsusi diqqət yetirilir. Mərkəzdə bu sahədə bir çox tədbirlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi sayəsində reallaşır.
Mərkəzdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini, irsini əks etdirən muzeyin fəaliyyət göstərdiyini qeyd edən Anar Ələkbərov deyib: “Burada həm böyüməkdə olan gənc nəslə, həm də şəhərimizin qonaqlarına müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilir. Ulu öndər Heydər Əliyev həyatını xalqımıza, ölkəmizin inkişafına həsr edib. O, ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə ölkəmizin tərəqqisinə böyük önəm verib. Məhz Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olması nəticəsində bu gün Azərbaycan yüksək səviyyədə inkişaf edən bir ölkəyə çevrilib. Ümummilli Liderə həsr olunan tədbirlərin Heydər Əliyev Mərkəzində keçirilməsi rəmzi məna daşıyır. Çünki onun zəngin irsinin dərindən öyrənilməsi, qorunub saxlanılması, təşviqi və hərtərəfli inkişaf etdirilməsi Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindəndir”.
2014-cü ildə Mərkəzdə ilk dəfə olaraq “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ümumrespublika bilik yarışının təşkil edilməsi ilə gözəl ənənənin təməlinin qoyulduğunu diqqətə çatdıran Anar Ələkbərov deyib: “Sevindirici haldır ki, müsabiqəyə maraq göstərən iştirakçılarımızın sayı ildən-ilə artmaqdadır. Heydər Əliyev irsinin daha geniş auditoriyalara təqdim edilməsi, gənclərin vətənpərvərlik ruhunda böyüməsi məqsədilə 2015-ci ildən Heydər Əliyev məktəblərinin yaradılmasına başlanılıb. Layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Heydər Əliyev İdarəçilik Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Heydər Əliyev və Mədəniyyət və İncəsənət Məktəbi, Masallı “ASAN xidmət” kompleksi nəzdində Heydər Əliyev İncəsənət Məktəbi yaradılıb”.
Qeyd edilib ki, “Heydər Əliyev irsi: elmi-praktik seminarlar” layihəsinə 2014-cü il dekabrın 10-da start verilib. Mütəmadi olaraq müxtəlif mövzularda təşkil olunan seminarlar Heydər Əliyev irsinin, Ümummilli Liderin Azərbaycanın bütün sahələrdə inkişafındakı rolunun öyrənilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyətlidir.
Anar Ələkbərov Heydər Əliyevin gənc yaşlarından xüsusi xidmət orqanlarında çalışdığını, Azərbaycan sərhədlərini qarış-qarış gəzdiyini, müstəqillik illərində milli sərhəd strategiyasını yaratdığını, gənc kadrlara diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.
Seminarda çıxış edən Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev bildirib ki, Azərbaycan sərhəd mühafizəsinin yaranması, formalaş-ması və müasir səviyyəyə yüksəlməsi bilavasitə Ümummilli Liderin adı ilə bağlıdır. “Müstəqil dövlətimiz əsrlərboyu yaşayacaqdır. Nə qədər yaşayacaqsa, o qədər də onun sərhədləri olacaq və o qədər də sərhədləri qorumaq lazım olacaqdır”, – deyən Ulu Öndər hər zaman Azərbaycan sərhədçilərini xidməti qələbələrə ruhlandırıb.
Elçin Quliyev bildirib ki, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində müstəqillik illərində əldə olunmuş nailiyyətlərin əsasını Heydər Əliyevin XX əsrin 60-cı illərindən başlayan ardıcıl fəaliyyəti təşkil edir. Heydər Əliyev SSRİ dönəmində sərhəd mühafizəsi və hərbçi kadrların hazırlanması məsələlərinə xüsusilə həssas yanaşıb. Bu münasibətin Azərbaycanın müstəqilliyinə hesablanmış uzaqgörənlikdən qaynaqlanması da bir həqiqətdir.
DSX-nin rəisi deyib: “Tarixə nəzər salaq. SSRİ dövründə silahlı qüvvələrdə, Sərhəd Qoşunlarında milli kadrların xidməti inkişafına qeyri-rəsmi məhdudiyyətlər yaradıldığı bir dövrdə Dövlət Təhlükəsizliyi Komitəsi kimi qapalı bir qurumun tərkibində olan Sərhəd Qoşunlarında azərbaycanlı zabitlərin xidməti inkişafına Ulu Öndər tərəfindən xüsusi diqqət yetirilib, onların yüksək vəzifələrə irəli çəkilmələri təmin olunub. Belə ki, 1967-ci ilə qədər milliyyətcə azərbaycanlı olan sərhədçilər sırasında yalnız 1 nəfər – Mustafa Nəsirov polkovnik rütbəsində olduğu halda, artıq 70-ci illərin sonunda bu rəqəm 10-a çatmışdı. O dövrdə Heydər Əliyevin gələcəyə hesablanmış qərarlarından biri də SSRİ Sərhəd Qoşunlarının Zaqafqaziyada ayrıca əməliyyat qoşun hissəsinin Bakıda yaradılması olub”.
Elçin Quliyev vurğulayıb ki, milli silahlı qüvvələrin, o cümlədən Sərhəd Qoşunlarının peşəkar zabit heyəti ilə komplektləşdirilməsinə ünvanlanmış müstəsna əhəmiyyətli addımlardan biri də 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması olub. Azərbaycanlıların hərbi peşələrə yiyələnməsini təmin etmək, milli hərbi kadrlar yeişdirmək məqsədilə təsis edilmiş, yaradıldığı gündən minlərlə hərbçi hazırlamış, SSRİ dönəmində ittifaqın hər yerində qeyri-rəsmi olaraq Heydər Əliyev məktəbi kimi tanınan bu təhsil ocağının milli ordu quruculuğunda danılmaz xidmətləri var.
DSX-nin rəisi diqqətə çatdırıb ki, Ümummilli Liderin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, Sərhəd Qoşunlarında da mühüm islahatlar dövrü başlandı. İlk vaxtlar təcrübəsizlik, ixtisaslı zabitlərin çatışmazlığı çətinliklər yaratsa da, mülki həyatdan gəlmiş zabit və gizirlər sərhədçi peşəsinə yiyələndilər. Ali Baş Komandanın çağırışı ilə sərhədçilərin böyük bir hissəsi könüllü olaraq torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda döyüşlərə yollandı. Sərhədçilərdən ibarət xüsusi təyinatlı tabor Ağdərə istiqamətində mərdliklə vuruşdu.
Elçin Quliyev bildirib ki, müstəqillik yollarında uğurla addımlayan dövlətimizə qarşı yönəlmiş dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında da Azərbaycan sərhədçiləri Ali Baş Komandana və hərbi anda sadiqlik nümayiş etdirdilər.
Milli Sərhəd Qoşunlarının əsasən formalaşdığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində görülmüş tədbirlər nəticəsində Rusiya Federasiyası və Gürcüstan ilə dövlət sərhədində Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəstələri yaradıldı, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və qoşunların maddi-texniki təminatının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmağa başlanıldı. Dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının yaradılması, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri baza yaradıldı.
Həmin dövrdə dahi öndərin siyasi məharəti və qətiyyətli möv-qeyi nəticəsində MDB-nin xarici sərhədlərinin birgə qorunması adı altında əcnəbi sərhəd mühafizə qüvvələrinin ölkə ərazisində yenidən yerləşdirilməsinin qarşısı alındı və Azərbaycanın öz sərhədlərini müstəqil qorumağa qadir olması hamıya nümayiş etdirildi.
Elçin Quliyev xatırladıb ki, Heydər Əliyev 2002-ci il iyul ayının 31-də Azərbaycan Respublikasının Prezidentinə birbaşa tabe olan, daha çevik və effektiv dövlət orqanının - Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərman imzalayıb. Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət Sərhəd Xidmətinə yeni vəzifələr tapşırılıb və sərhəd təhlükəsizliyinin təminatı məsələləri ən yüksək səviyyədə həll olunmağa başlanılıb.
“Bu gün Azərbaycan Sərhəd Mühafizəsi şəxsi heyətinin peşəkarlığına, silah və hərbi texnika ilə təchizatına, ən əsası isə xidməti fəaliyyətin göstəricilərinə görə təkcə regionda deyil, Avropa miqyasında aparıcı mövqelərə çıxıb. Bu nailiyyət müəllifi dahi öndər olan milli sərhəd təhlükəsizliyi strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında həyata keçirilməsinin real nəticəsidir”, - deyə DSX-nin rəisi bildirib.
Elmi-praktik seminarı canlı videobağlantı (telekörpü) vasitəsilə Heydər Əliyev Mərkəzinin Masallı rayonu “ASAN Həyat” kompleksi nəzdində yaratdığı Heydər Əliyev İncəsənət Məktəbində cənub regionunun gəncləri də izləyiblər.
Babək Cahandarov