Elmar Məmmədyarov NATO baş katibinin ictimai diplomatiya məsələləri üzrə müavini ilə görüşüb
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin ictimai diplomatiya məsələləri üzrə müavini Tacan İldemi qəbul edib.
XİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-NATO əlaqələrinin hazırkı durumu və əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparılıb.
T. İldem NATO-nun Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini və Azərbaycanın NATO-nun dəyərli tərəfdaşı olduğunu qeyd edib. O, Azərbaycanın NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək əməliyyatına, eləcə də Əfqanıstan ordusu üzrə Etimad Fonduna verdiyi töhfələrin, ikitərəfli əsasda Əfqanıstanda davamlı inkişafa dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.
T. İldem ictimai diplomatiya sahəsində əməkdaşlığı qeyd edərək Azərbaycan ictimaiyyətində NATO haqqında məlumatlandırmanın artırılması üçün ictimai xarakterli birgə tədbirlərin əhəmiyyətinə diqqət çəkib.
Görüşdə tərəflər Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı, Planlaşdırma və Analiz Prosesi və digər proqramlarında iştirakına dair fikir mübadiləsi aparıblar və bu istiqamətdə əldə edilmiş nailiyyətləri təqdir ediblər.
E. Məmmədyarov qonağı Ermənistan-Azərbaycan münaqişəsi üzrə aparılan danışıqlar prosesinin cari durumu barəsində məlumatlandırıb və münaqişənin BMT-nin müvafiq qətnamələrində də təsbit edildiyi kimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu vurğulayıb və Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan qoşunlarının mövcudluğunun regional sülh və təhlükəsizliyə əsas təhdid olduğunu diqqətə çatdırıb.
T. İldem Mədəniyyətlərarası Dialoq üzrə IV Dünya Forumunun beynəlxalq əhəmiyyətli məsələlərin müzakirəsi və fikir mübadiləsi baxımından vacib platforma olduğunu deyib.
1news.az