Kino Agentliyindən “44” filmi ilə bağlı müraciət | 1news.az | Xəbərlər
Cəmiyyət

Kino Agentliyindən “44” filmi ilə bağlı müraciət

1news Redaksiyası16:12 - Bu gün
Kino Agentliyindən “44” filmi ilə bağlı müraciət

Azərbaycan Respublikasının Kino Agentliyi “44” bədii filminin nümayişi zamanı görüntülərin icazəsiz qeydə alınması və yayılması ilə bağlı tamaşaçılara müraciət edib.

1news.az xəbər verir ki, agentliyin müraciətində filmin xalqın qəhrəmanlıq tarixini, Vətənə bağlılığını və sarsılmaz birliyini əks etdirdiyi, müharibənin ağır sınaqları fonunda insan talelərindən, fədakarlıqdan və ümiddən bəhs etdiyi bildirilib.

Qeyd olunub ki, seanslar zamanı mobil telefon və ya digər cihazlarla filmin çəkilməsi, görüntülərin icazəsiz qeydə alınması və yayılması yolverilməzdir. Agentliyin fikrincə, bu cür hərəkətlər filmin istehsalçısına, yaradıcı heyətə və digər tamaşaçılara qarşı hörmətsizlikdir.

Müraciətdə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci və 2-ci hissələrinə istinad edilib. Bildirilib ki, əsərin surətinin çıxarılması müəlliflik hüququ sahibinin müstəsna hüquqlarına daxildir və surətçıxarma anlayışına videoyazı formasında hazırlanma da aiddir. Buna görə filmin icazəsiz qeydə alınması və görüntülərin hüquq sahibinin icazəsi olmadan paylaşılması müəlliflik hüquqlarının və qanunvericiliyin tələblərinin pozulmasına səbəb ola bilər.

Agentlik vurğulayıb ki, bu tələblərin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsinə, qanunla müəyyən edilmiş şərtlər mövcud olduqda isə Cinayət Məcəlləsinin 165.1-ci və 165.2-ci maddələrinə əsasən məsuliyyət yarada bilər.

Bildirilib ki, qanun pozuntusu faktları aşkarlandıqda təqsirli şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək.

Kino Agentliyi tamaşaçılardan seanslar zamanı filmi mobil telefon və digər cihazlarla qeydə almamağı, filmə aid görüntüləri hüquq sahibinin icazəsi olmadan yaymamağı tələb edib.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər