Ermənistan sülhü uzadır, Türkiyə ilə sərhədin açılması gündəmə gəlir: Nə baş verə bilər? – Ekspertdən ŞƏRH

Ermənistanın Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyası üçün 2031-ci ili hədəf göstərməsi regionda sülh prosesinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyası həm hökumətin, həm də şəxsən onun qarşısında duran əsas vəzifələrdəndir. O, bu məqsədə 2031-ci ilə qədər nail olmağı qarşısına konkret hədəf qoyduğunu açıqlayıb.
Paşinyanın bu açıqlaması diqqət çəkir. Belə ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında sülh nizamlanmasına dair Birgə Bəyannamə imzalanıb, sülh sazişinin mətni isə paraflanıb. Buna baxmayaraq, Ermənistan hökumətinin qarşıdakı illər üçün müəyyənləşdirdiyi hədəf sazişin imzalanması və ratifikasiyası prosesinin daha uzun müddətə hesablandığını göstərir. Bu isə İrəvanın sülh gündəliyi və prosesin real perspektivləri ilə bağlı suallar doğurur.
Digər tərəfdən, Paşinyanın açıqlamasından bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinin sərhədin istənilən an açılmasına imkan verəcək mərhələyə çatdığını bildirib. Bu bəyanat da regionda kommunikasiyaların açılması və münasibətlərin normallaşması proseslərinin hansı ardıcıllıqla irəliləyəcəyi məsələsini aktuallaşdırır.
Bəs Azərbaycanla sülh sazişi imzalanmadan Ermənistan-Türkiyə sərhədinin açılması mümkündürmü? Belə bir addım Bakı ilə İrəvan arasında danışıqlara və regionda davamlı sülhün təmin olunmasına necə təsir göstərə bilər? Ermənistanın sülh sazişinin imzalanması üçün 2031-ci ili hədəf seçməsinin arxasında hansı siyasi amillər dayanır?
Mövzu ilə bağlı 1news.az-ın suallarını cavablandıran danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Ermənistanın Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyası üçün 2031-ci ilə qədər vaxt müəyyənləşdirməsi prosesin uzanmasına səbəb ola bilər.
“Ermənistanın bu yanaşmasının arxasında daha təhlükəsiz hesab etdiyi siyasi şəraitin formalaşmasını gözləmək niyyəti dayana bilər”.
Ekspertin sözlərinə görə, Azərbaycanın əsas tələblərindən biri Ermənistan Konstitusiyasında yer alan və Qarabağın Ermənistanla birləşdirilməsi ideyası ilə əlaqələndirilən Müstəqillik Bəyannaməsinə istinadın aradan qaldırılmasıdır.
“Ermənistan hakimiyyəti hazırda referendum keçirməyin həm daxili siyasi proseslər, həm də hakimiyyətin gələcəyi baxımından müəyyən risklər yarada biləcəyini düşünür. Nikol Paşinyan bölgədə baş verən prosesləri iki istiqamətdə qiymətləndirə bilər: ya təhlükə, ya da böyük siyasi dividend əldə etmək imkanı kimi”, – deyə ekspert qeyd edib.
Ə.Əlibəyli hesab edir ki, 2027–2028-ci illərdə regionda və beynəlxalq münasibətlər sistemində baş verə biləcək dəyişikliklər Ermənistanın mövqeyinə təsir göstərə bilər.
“Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, eləcə də İranın regiona yanaşmasında baş verə biləcək dəyişikliklər yeni siyasi mənzərə yarada bilər. Ermənistan indiki mərhələdə qarşılaşdığı siyasi çətinlikləri arxada qoyaraq prosesi 2031-ci ilə qədər uzatmaqla özünə daha əlverişli şərait formalaşdırmağa çalışa bilər. Lakin bu yanaşmanın nə dərəcədə nəticə verəcəyini indidən söyləmək çətindir”, – o bildirib.
Ekspertin fikrincə, Ermənistanda konstitusiya dəyişikliyi ətrafında müzakirələrin genişlənməsi də sülh prosesinin uzanmasına gətirib çıxara bilər. Bu məsələnin ölkədaxili siyasi mübarizənin predmetinə çevrilməsi prosesi daha da mürəkkəbləşdirə bilər.
Ə.Əlibəyli sülh sazişinin imzalanması və ratifikasiyası qarşısında duran əsas məsələlərə də toxunub. Azərbaycanın mövqeyinə görə, Ermənistan Konstitusiyasındakı müvafiq istinad aradan qaldırılmalıdır.
“Azərbaycan hesab edir ki, Ermənistan Konstitusiyasının preambulasındakı problemli istinad dəyişdirilməlidir. Bunun hüquqi mexanizmləri ilə bağlı müvafiq qərar qəbul edilməsi və ya referendum keçirilməsi yolu seçilə bilər. Əsas məsələ həmin istinadın hüquqi baxımdan aradan qaldırılmasıdır”, – ekspert vurğulayıb.
O, həmçinin Naxçıvana maneəsiz keçidin təmin olunması, sazişin ratifikasiyası və sənəddə ərazi məsələlərinin dəqiq əksini tapmasının da müzakirə olunan mövzular sırasında olduğunu diqqətə çatdırıb.
“Vaşinqtonda paraflanmış sənədin müddəaları, Naxçıvana maneəsiz keçidin təmin olunması və sazişin ratifikasiyası kimi məsələlər üzrə konkret hüquqi mexanizmlər müəyyənləşdirilməlidir. İmzalanmış sənədin parlamentlərdə təsdiqi və tərəflərin üzərinə götürdüyü öhdəliklərin dəqiq müəyyənləşdirilməsi prosesin mühüm mərhələləridir”, – deyə Ə.Əlibəyli əlavə edib.
Ekspert Azərbaycanla sülh əldə edilmədən Ermənistan-Türkiyə sərhədinin açılması ehtimalını da şərh edib.
O, bildirib ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, Azərbaycan-Ermənistan münasibətlərində yekun razılaşmanın əldə olunmaması bu prosesə təsirsiz ötüşməyə bilər.
“Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr fəaliyyət göstərir. İqtisadi və ticarət əlaqələrinin inkişafı, biznes forumlarının keçirilməsi və digər təmaslar gündəmdədir. Bununla belə, indiyədək atılan addımlar münasibətlərin tam normallaşmasına gətirib çıxarmayıb. Azərbaycanla Ermənistan arasında münasibətlərin vəziyyəti Türkiyə-Ermənistan xəttinə də təsir göstərir”, – deyə ekspert bildirib.
Ə.Əlibəyli hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmadan Türkiyə-Ermənistan sərhədinin açılması ehtimalını tam istisna etmək olmaz, lakin bu istiqamətdə ciddi siyasi maneələr qalmaqdadır.
O, Ermənistanda revanşist qüvvələrin mövcudluğunun və sülh prosesinin uzanmasının regionda yeni gərginlik risklərini artırdığını da vurğulayıb.
“Regionda mövcud olan siyasi boşluqdan digər güc mərkəzləri, o cümlədən Rusiya və Qərb də istifadə edə bilər. Bu isə yeni eskalasiya riskləri yarada bilər. Buna görə də prosesin uzanması yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regional təhlükəsizliyə təsir göstərir”, – Ə.Əlibəyli qeyd edib.
Ekspertin fikrincə, Azərbaycan indiyədək səbirli siyasət yürütməklə müəyyən üstünlüklər əldə edib və bundan sonra da əsas xəttini qoruyub saxlamalıdır.
“Azərbaycan öz mövqeyindən geri çəkilməməli, Türkiyə ilə koordinasiyanı davam etdirməli və hüquqi çərçivə kimi Vaşinqtonda əldə olunmuş razılaşmaları əsas götürməlidir. Əsas məsələ müəyyən edilmiş yol xəritəsindən yayınmamaq və sülh prosesində konkret nəticələrin əldə olunmasına çalışmaqdır”, – deyə Ə.Əlibəyli fikirlərini yekunlaşdırıb.
Müəllifin son sözü:
Ermənistanın sülh sazişinin imzalanması və ratifikasiyası üçün 2031-ci ili hədəf göstərməsi prosesin yaxın perspektivdə başa çatacağına dair gözləntiləri sual altına alır. Konstitusiya dəyişikliyi, Naxçıvana maneəsiz keçidin təmin olunması və tərəflərin üzərinə götürəcəyi öhdəliklərin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi danışıqların əsas məsələləri olaraq qalır. Eyni zamanda, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımların Azərbaycanla sülh prosesindən nə dərəcədə ayrı irəliləyə biləcəyi də açıq sualdır. Bütün bunlar göstərir ki, regionda davamlı sülhün təmin olunması üçün siyasi bəyanatlardan daha çox konkret addımlara və əldə edilmiş razılaşmaların icrasına ehtiyac var.








