Lənkəranda "Avropa günü" - FOTO
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, təşkilatın üzv dövlətləri və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərində “Avropa Günü” qeyd olunub.
1news.az xəbər verir ki, builki “Avropa Günü” Avropa İttifaqının əsasını qoyan Roma Müqaviləsinin 60 illiyinə həsr edilib.
Tədbirlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə yanaşı, ittifaqa üzv olan 15-dən artıq ölkənin nümayəndəsi qatılıb.
Lənkəran şəhəri bir neçə səbəbə görə tədbirin keçiriləcəyi məkan kimi seçilib. Avropa İttifaqı Şimal və Cənub, Şərq və Qərb arasında inkişaf etmiş müxtəlif nəqliyyat dəhlizlərinin üzərindəki strateji mövqedə yerləşən Lənkəran rayonunun inkişafı istiqamətində öz fəaliyyətini gücləndirməkdə maraqlıdır və hazırda rayonun sosial-iqtisadi inkişafını dəstəkləyən proqram hazırlayır.
Bayram tədbirlərinin birinci günü, mayın 6-da Lənkəran Dövlət Universitetində tələbələr üçün yunan, Belçika, macar, İsveç, alman, ispan və polyak dilləri üzrə kurslar təşkil edilib.
Tamaşaçılar Gənclər Mərkəzində İsveç istehsalı olan “Pəncərədən çıxıb itmiş 100 yaşlı qoca” filmini böyük maraqla izləyiblər.
Lənkəran Şəhər Mədəniyyət Mərkəzində Lənkəran Dövlət Universitetinin tələbələrindən ibarət altı komanda - “Madeyra”, “Boz qurd”, “Odlar yurdu”, “Təbiət”, “Aypara” və “Atom” komandaları “Breyn-rinq” yarışında bilik və bacarıqlarını nümayiş etdiriblər. “Atom” komandası yarışın qalibi olub. Yarışın bütün iştirakçılarına Avropa İttifaqının sertifikatları, çantalar və hədiyyələr verilib.
Həmin gün axşam saatlarında Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində operanın divası Mariya Kallasın xatirəsinə həsr olunmuş opera qala konserti Azərbaycan Dövlət Filarmoniyasından canlı yayımlanıb.
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Malena Mard, ittifaqa üzv olan xarici ölkələrin Azərbaycandakı səfirləri və nümayəndələri, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, ulu öndərin xatirəsini ehtiramla anıblar.
Sonra Lənkəran şəhərindəki Gənclər Mərkəzində mətbuat konfransı keçirilib.
M.Mard Aİ-nin Azərbaycan nümayəndəliyi tərəfindən Lənkəran rayonunun sosial-iqtisadi inkişafını dəstəkləyən proqramla bağlı danışarkən deyib ki, proqramda Lənkəran rayonunda kənd təsərrüfatı ilə yanaşı, kiçik və orta sahibkarlığın inkişafı da nəzərdə tutulub. 6-7 aydan sonra Lənkəranda həmin proqramın müzakirəsi keçiriləcək.
Daha sonra Mərkəzdə tamaşaçılar üçün Hollandiya istehsalı olan “Təsadüflərin bir-biri ilə bağlılığı” və Almaniya istehsalı olan “Almaniyaya xoş gəlmisiniz” filmləri nümayiş etdirilib.
Diplomatlar Heydər Əliyev Mərkəzində tələbələrlə görüş keçirib.
Tədbirdə Avropa İttifaqının 60 illiyinə və ittifaqın Azərbaycanla əməkdaşlığının 25 illiyinə həsr olunmuş video-çarxlar nümayiş etdirilib.
Malena Mard görüşdə çıxış edərək, bugünkü Avropa İttifaqının İkinci Dünya müharibəsindən sonra dağılmış Avropanı bərpa etmək və birləşdirmək məqsədilə 1957-ci ildə yaradıldığını bildirib.
Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski çıxışında ölkəsinin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrə 200 qrant təqaüdün verildiyini vurğulayaraq, bu siyahıya lənkəranlı gənclərinin adlarının da daxil ediləcəyini diqqətə çatdırıb.
Sonda səfirlər tələbələri maraqlandıran sualları cavablandırıblar.
Bayram tədbirləri Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında yerli və Bakıdan gəlmiş gənc ifaçıların iştirakı ilə konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, Lənkəran şəhərində “Avropa Günü” ilə bağlı tədbirlər mayın 11-dək davam edəcək.
Pərvanə Sultanova