XİN Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı bəyanat yayıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.
1news.az-a daxil olan bəyanatda deyilir:
"Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü qeyd edir. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın dövlətçilik konsepsiyasının banisi olaraq bütün sahələrdə olduğu kimi xarici siyasət sahəsində də qısa müddətdə əsaslı dönüşə nail oldu və milli maraqlara əsaslanan praqmatik və çoxşaxəli xarici siyasət strategiyasının əsasını qoydu.
Heydər Əliyev həmin dövrdə mürəkkəb və çətin vəziyyətdə xarici siyasətin qarşısında duran vəzifələri və onun prioritetlərini dəqiq müəyyənləşdirdi. Ulu öndər 1993-cü il oktyabr ayının 10-da keçirilən andiçmə mərasimində həmin vəzifələri müəyyənləşdirərkən demişdir: “Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”.
Tarixən milli dövlətçiliyimizin itirilməsinə və Azərbaycanın böyük güclərin döyüş və siyasi rəqabət meydanına çevrilməsinə səbəb olan geosiyasət və neft amili Heydər Əliyevin müəyyən etdiyi çoxqütblü və tarazlaşdırılmış xarici siyasət strategiyası əsasında müstəqilliyimizi və dövlətçiliyimizi möhkəmləndirən ciddi amilə çevrildi. İlk növbədə, Azərbaycan xalqının mənafeyi əsasında müəyyən olunan və milli maraqlardan qaynaqlanan yeni xarici siyasət strategiyası diplomatiyanın təməl prinsiplərinə xas şəkildə ölkəmiz ətrafında xoş mühitin formalaşmasına, ölkədaxili siyasi-iqtisadi və sosial məsələlərin həlli üçün xarici təsirlərin neqativ yükünü neytrallaşdırmağa, qonşu dövlətlərlə münasibətlərin normallaşmasına, xarici siyasətin coğrafiyasının genişlənməsinə və “Əsrin müqaviləsi”nin timsalında uğurlu enerji siyasətinin həyata keçirilməsinə şərait yaratdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ölkəmizin üzləşdiyi informasiya blokadası sındırıldı və Azərbaycanın ədalətli mövqeyi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.
Fəal və çevik diplomatiyanı prioritet vəzifə kimi müəyyən edən Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə 100-dən artıq işgüzar səfərlər edib, nüfuzlu beynəlxalq tədbirlərdə, o cümlədən BMT Baş Assambleyasının tribunasından dəfələrlə çıxış edib, onlarla rəsmi səfər həyata keçirib. Yüzlərlə yüksək səviyyəli nümayəndə heyətini Azərbaycanda rəsmi və işgüzar səfərlərdə qəbul edib. Azərbaycanın digər dövlətlərlə və beynəlxalq təşkilatlarla əlaqələrinin müqavilə-hüquq bazası formalaşdırılıb, yüzlərlə müxtəlif müqavilələr imzalanıb, Azərbaycan bir çox beynəlxalq təşkilatlara üzv olub və üzv olduğu təşkilatlarla fəal əməkdaşlığa başlayıb.
Yeni xarici siyasət strategiyasının həyata keçirilməsi məqsədilə Heydər Əliyev tərəfindən Xarici İşlər Nazirliyinin yenidən təsisatlanması, onun strukturunun və peşəkar diplomatik korpusun yaradılması, milli diplomatiya məktəbinin formalaşdırılması üçün qarşıya ciddi vəzifə və tapşırıqlar qoyuldu. Ümummilli lider Heydər Əliyevin bütün sahələrdə milli kadrların yetişdirilməsi üzrə həyata keçirdiyi siyasət və hələ keçən əsrin 70-ci illərindən gənc kadrlara SSRİ-nin ən aparıcı ali təhsil müəssisələrində təhsil almaları üçün yaratdığı şərait bir neçə onillikdən sonra diplomatiya sahəsində də öz nəticələrini verdi. Bilikli, savadlı, xarici dilləri mükəmməl bilən, xalqına və dövlətinə sadiq olan gənclərin ali təhsil müəssisələrindən seçilməsi və Xarici İşlər Nazirliyinə işə cəlb edilməsi milli diplomatik korpusun formalaşdırılması prosesinə təkan verdi.
Bu uzaqgörən siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın diplomatik təmsilçilik coğrafiyası ildən-ilə genişlənir. Belə ki, hazırda Afrika və Avstraliya qitələri də daxil olmaqla, dünyanın müxtəlif regionlarında Azərbaycan 59 Səfirlik, 9 Baş Konsulluq, 6 Daimi Nümayəndəlik, 10 Fəxri Konsulluq və 8 Səfirlik ofisi ilə təmsil olunmaqdadır. Ölkəmizdə isə 60-a yaxın dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 20-dən artıq beynəlxalq təşkilatın nümayəndəliyi fəaliyyət göstərir. İkitərəfli əsasda Azərbaycanın dünya dövlətləri ilə inkişaf edən qarşılıqlı faydalı əməkdaşlığının göstəricisidir ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü yerinə seçilən zaman BMT-nin 155 dövləti tərəfindən Azərbaycanın namizədliyi dəstəklənib. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Paytaxt Bakı müntəzəm olaraq qlobal problemlərin müzakirə olunduğu nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Azərbaycan beynəlxalq təsisatlarla yaxından əməkdaşlıq edir. Bu sırada BMT, Qoşulmama hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, YUNESKO, Avropa İttifaqı, NATO, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatları qeyd edə bilərik.
Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda proqram xarakterli çıxışında həmin dövrü xarakterizə edərək demişdir: “Xarici siyasət prioritetləri məhz o illərdə müəyyən edildi. Azərbaycan müasir dünyəvi dövlət kimi öz inkişafına başladı. Yəni, məhz o illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılmışdır. Bu gün tarix göstərir ki, bu, yeganə düzgün yol idi”.
Ümummilli lider Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir və dönməzdir” - deyə uzaqgörən və müdrik kəlamının fəlsəfəsinə və mahiyyətinə sadiq olaraq, gərgin və mürəkkəb xarakter daşıyan müasir beynəlxalq münasibətlər şəraitində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan milli maraqları əsasında müstəqil və uğurlu xarici siyasətini qətiyyətlə davam etdirir".
1news.az