Vaşinqtonda “Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq siyasətdə” mövzusunda “dəyirmi masa” keçirilib
Mayın 10-da Vaşinqtondakı Atlantika Şurası Mərkəzində “Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq siyasətdə” mövzusunda “dəyirmi masa” keçirilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, tədbir Atlantika Şurası Elmi-Tədqiqat Mərkəzi nəzdində Dinu Patrisiu Avrasiya Araşdırmaları Mərkəzi tərəfindən C.Hopkins Universiteti nəzdində Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutu ilə birgə təşkil edilib. Dinu Patrisiu Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Con Herbstin sədrliyi ilə keçirilən tədbirdə ATƏT-in Minsk qrupunun amerikalı müvəqqəti həmsədri Riçard Houqlend, Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun və İpək yolunun öyrənilməsi proqramının direktoru, doktor Svante Kornell, Atlantika Şurasının Qlobal Energetika Mərkəzinin böyük elmi işçisi və Corctaun Universitetinin professoru doktor Brenda Şeffer və Amerika Xarici Siyasət Şurasının böyük elmi işçisi doktor Stiven Blank çıxış ediblər. Tədbirdə Ermənistan ilə Azərbaycan arasında 25 ildən bəri davam edən münaqişənin spesifikası, regionda geosiyasi vəziyyət və maraqlar, habelə doktor Svante Kornellin redaktəsi ilə nəşr edilmiş “Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq siyasətdə: əzəli “dondurulmuş münaqişə” və Avropanın təhlükəsizliyi” adlı yeni kitabda şərh edilmiş məsələlər, o cümlədən son illərdə bu münaqişənin hərbi eskalasiyası məsələsi müzakirə edilib.
Akademik dairələrin, ABŞ administrasiyasının və Vaşinqtonda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri qarşısında çıxış edən R.Houqlend ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəhbərləri arasında ikitərəfli dialoqun, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsinə yönəlmiş səylərin davam etdirilməsinin zəruriliyi, habelə erməni və Azərbaycan xalqları arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin əhəmiyyəti barədə danışıb. Amerikalı diplomat deyib ki, ABŞ Minsk qrupu vasitəsi ilə işi davam etdirməyə və bu münaqişənin həllində tərəflərə kömək etməyə hazırdır. O qeyd edib ki, hərtərəfli tənzimləmə planı BMT Nizamnaməsinin və Helsinki Yekun Aktının baza prinsiplərinə, o cümlədən güc tətbiq edilməməsi, ərazi bütövlüyü və təyini-müqəddərat prinsiplərinə əsaslanır.
S.Kornell Ermənistan-Azərbaycan münaqişəsinin spesifikasına toxunaraq qeyd edib ki, Qafqazda geosiyasi vəziyyət ilə Yaxın Şərqdəki hadisələr arasında əlaqə olması getdikcə aşkar görünür. Bu, məsələdə marağı olan tərəflərin dondurulmuş münaqişələrlə manipulyasiya etmələrinə şərait yaradır. Ekspert qeyd edib ki, həm Avropa ittifaqının rəhbərliyi, həm də ABŞ münaqişənin tənzimlənməsi prosesinə lazımınca diqqət yetirməlidir, çünki status-kvonun davam etməsi hərbi münaqişənin daha genişlən məsinə şərait yaradır. B.Şeffer və S.Blank regionun geosiyasi reallıqları və Ermənistan-Azərbaycan münaqişəsi kontekstində region dövlətlərinin rolu barədə danışıblar. Qeyd edilib ki, Azərbaycan bazar qiymətləri üzrə silah almaqla öz hərbi potensialını artırdığı halda Ermənistan silahları güzəştli qiymətlərlə alır. Doktor S.Blank vurğulayıb ki, regionda “İskander” raket komplekslərinin peyda olması və Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın mülki obyektlərinə və infrastrukturlarına raket zərbələri endirməyə hazır olması barədə bəyanatları vəziyyəti çox kəskinləşdirib. Ekspertlər vurğulayıblar ki, münaqişənin tənzimlənməsi Ermənistanın müstəqilliyinin bərpa edilməsinə və onun iqtisadi inkişafına şərait yaradar.
Tədbirdə Minsk qrupunun əvvəlki amerikalı həmsədrləri Robert Bradtke, Co Pressel və digər keçmiş diplomatlar da çıxış ediblər. Ermənistanın ABŞ-dakı səfirliyinin nümayəndəsi iradını bildirib ki, kitabın “Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq siyasətdə: əzəli “dondurulmuş münaqişə” və Avropanın təhlükəsizliyi” adı həqiqətə uyğun deyil, çünki guya həmin münaqişə “Dağlıq Qarabağ ilə Azərbaycan arasında” münaqişədir və “təyini-müqəddərat” prinsipinə əsasən Dağlıq Qarabağ müstəqil olub. S.Kornell bu iradın cavabında bildirib ki, münaqişə hələ 1987-ci ilin sonunda Dağlıq Qarabağ Muxtar Vilayətində deyil, Cənubi Ermənistanda başlanıb (Masisdə və Quqarkda azərbaycanlılara kütləvi hücumlar və onların qovulması nəzərdə tutulur) və sonradan dövlətlərarası münaqişəyə çevrilib. Təyini-müqəddərat prinsipi barədə qeyd edilib ki, BMT Nizamnaməsində təyini-müqəddərat prinsipinin özü avtomatik “müstəqillik” nəzərdə tutmur, o həm də Azərbaycanın ərazi bütövlüyü daxilində təyini-müqəddərat kimi başa düşülə bilər. Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndəsi bu məsələni şərh edərək deyib ki, Helsinki Yekun Aktında qeyd edildiyi kimi, dövlətlər daim BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, habelə beynəlxalq hüququn müvafiq normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyünə aid normalara riayət etməklə xalqların hüquq bərabərliyinə və öz talelərini həll etmək hüququna hörmət etməlidirlər. Həmçinin vurğulanıb ki, Ermənistanın indiki prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tom de Vaala müsahibəsində Xocalıda dinc sakinlərə qarşı hərbi cinayətdə öz rolunu və Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərinin etnik təmizləməyə məruz qalmasını etiraf edib.
Ekspertlər öz çıxışlarında vurğulayıblar ki, ABŞ-ın rəhbər şəxslərinin əksəriyyəti son illərdə beynəlxalq təhlükəsizlik üçün təhdid olan bu münaqişəyə lazımınca diqqət yetirmirlər. Onlar münaqişənin tənzimlənməsi prosesində ABŞ-ın fəal iştirakını bərpa etməyin vacib olduğunu qeyd ediblər.
S.Xankişiyeva