İcra Hakimiyyəti təkzib etdi: Xudatda xristian qəbiristanlığının dağıdılması xəbəri doğru deyil
Bəzi internet saytlarında və “Facebook” sosial şəbəkəsində Xudat şəhərində xristian qəbiristanlığının dağıdılması barədə məlumatlar yayılıb.
1news.az xəbər verir ki, məlumatın yayılmasından dərhal sonra Xaçmaz rayon İcra Hakimiyyətinin əməkdaşları Xudat şəhərindəki sözügedən qəbiristanlığa baxış keçiriblər. Baxış zamanı qəbiristanlığın ərazisində heç bir tikinti işlərinin aparılmadığı müəyyən edilib.
Məsələ ilə bağlı İcra Hakimiyyətindən bildiriblər ki, məlumatlarda barəsində danışılan 40 kv.metr sahəyə malik olan obyekt qəbiristanlığın ərazisindən kənarda yerləşir və fəaliyyət göstərmir. Bu ərazidə hər hansı bir başqa obyektin inşası da nəzərdə tutulmayıb.
Hazırda Xaçmaz rayonunda 10-dan artıq xristian qəbiristanlığı mövcuddur. Bunların hamısı bələdiyyələr tərəfindən qorunur və heç birinin ərazisinə müdaxilə olunmur. Rayonda yaşayan xristian təriqətli insanlar tolerantlıq şəraitində yerli əhali ilə birlikdə sərbəst şəkildə mövcud qəbiristanlıqlardan istifadə edirlər.
“Bildiririk ki, internet şəbəkəsində yayılan bu məlumatlarların müəllifi Xaçmaz rayon sakini, “Azadlıq” radiosu Xaçmaz bürosunun və “Doğru.tv” internet saytının əməkdaşı, radikal dini cərəyanlara meylli Məmmədli Cəmil Qiyas oğludur. Bir daha qeyd edirik ki, bu məlumatlar böhtan xarakteri daşıyır və ərazidə yaşayan xristian təriqətli insanlarla müsəlman əhali arasında nifaq salmağa xidmət edir.
Uzun illər boyu rus və digər slavyan xalqları ilə birgə yaşayan Xaçmaz rayon əhalisi və rayonda rəsmi fəaliyyət göstərən Rus İcması belə məlumatların yayılmasını qətiyyətlə pisləyir və milli münasibətlərdə bilərəkdən qarışıqlıq salmaq cəhdi kimi qiymətləndirirlər”- deyə, İcra Hakimiyyətindən bildiriblər.
Babək Cahandarov