1000-ə yaxın sürücü İslamiada üçün çəkilmiş xüsusi zolaqlara görə cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

1000-ə yaxın sürücü İslamiada üçün çəkilmiş xüsusi zolaqlara görə cərimələndi

14:34 - 15 / 05 / 2017
1000-ə yaxın sürücü İslamiada üçün çəkilmiş xüsusi zolaqlara görə cərimələndi

Mayın 5-dən bu günədək bu zolaqlara daxil olaraq qayda pozan 941 nəfər inzibati məsuliyyətə cəlb edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib:

“Bakıda keçirilən IV İslam Oyunları ilə bağlı çəkilmiş xüsusi hərəkət zolaqlarına nəzarət davam etdirilir. Sabahdan həmin zolaqlarda hərəkət intensivliyi artacaq. Belə ki, sabahdan yarışlara qatılacaq idmançıları daşıyan nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsi artacaq.

Buna görə də sürücülərdən diqqətli olmaları, yarışlar üçün nəzərdə tutulmuş zolaqlara daxil olmamaları xahiş edilir. Həmin zolaqlardan istifadə hüququ olmayan şəxslərin inzibati qaydada məsuliyyətə cəlb ediləcəklərini bir daha nəzərinizə çatdırıram”.

IV İslam Oyunları ilə bağlı çəkilmiş xüsusi hərəkət zolaqları:

- Neftçilər prospekti;

- Azneft dairəsindən Dövlət Bayrağı Meydanına qədər;

- Bakı-Ələt yolunun 2-ci kilometrindən 14-cü kilometrinə qədər;

- Bakı dairəvi yolu;

- Moskva prospekti ("20 Yanvarda" metro stansiyasından "Şamaxinki” dairəsinədək);

- Ziya Bünyatov prospekti;

- Atatürk prospekti;

- Bibi-Heybət şössesi;

- Tbilisi prospekti;

- Qara Qarayev prospekti;

- Vaqif prospekti;

- Fətəli Xan Xoyski prospekti;

- Böyükşor şossesi;

- Vaqif, Abdulvahab Salamzadə və Hənifə Ələsgərov küçələrində.

Zolaqlara nəzarəti Bakı şəhər Dövlət Yol Polisi İdarəsi həyata keçirir. Bu zolaqlarda hərəkət qadağandır.

Xatırladaq ki, Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib. Sərəncama əsasən, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarından mayın 5-dən 25-dək istifadə olunacaq.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
870

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər