Şahzadə:"Bakı 2017"nin İslam dünyasının həmrəyliyi üçün çox böyük əhəmiyyəti var” - FOTO
“Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının İslam dünyasının həmrəyliyi üçün çox böyük əhəmiyyəti var”.
1news.az-ın məlumatına görə, bunu Səudiyyə Ərəbistanı Krallığının Milli Olimpiya Komitəsi prezidentinin müavini, şahzadə Əldüblhəkim Əl Səud bildirib.
Onun sözlərinə görə, bu idman oyunları müxtəlif müsəlman ölkələrini bir araya gətirir və onları bu yarışlar ətrafında birləşdirir:
“Azərbaycan İslam oyunlarını çox gözəl təşkil edib. Biz öz növbəmizdə Azərbaycana təşəkkür edirik. Belə yüksək səviyyədə təşkilatçılıq İslam həmrəyliyi uğrunda bir addım sayılır. Düşünürük ki, bu cür oyunlar İslam həmrəyliyini müxtəlif sahələrdə olduğu kimi idman sahəsində də genişləndirəcək”.
Şahzadə Prezidenti İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsini də yüksək qiymətləndirib:
“Azərbaycan Prezidentinin bu təşəbbüsü İslam ölkələri arasında birlik və vəhdətin yaradılmasında öz sözünü deyəcək və töhfəsini verəcək”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Milli Olimpiya Komitəsi səfirliklə birgə IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən idmançılarının şərəfinə ziyafət verib.
Mərasimdə “Bakı 2017”də iştirak edən səudiyyəli idmançılar, xarici ölkələrin Azərbaycandakı diplomatik korpusunun rəhbərləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər rəsmilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Pərvanə Sultanova