Badamdarda bağçada uşağa zorakılıqla bağlı cinayət işi başlanılıb - VİDEO

Bakıda özəl uşaq bağçasının direktorunun azyaşlıya qarşı zorakılığı ilə bağlı cinayət işi açılıb.
1news.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Xəzər TV-də yayımlanan və bu gün sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxtda fəaliyyət göstərən özəl uşaq bağçalarından birində müəssisə direktorunun azyaşlı uşağa qarşı fiziki zorakılıq törətməsi əks olunub.
Görüntülərlə əlaqədar Dövlət Komitəsi tərəfindən dərhal hüquq-mühafizə orqanlarına müraciət edilib.
Komitəyə verilən məlumata əsasən, faktla bağlı cinayət işi başlanılıb. Hazırda hadisənin bütün hallarının araşdırılması və hüquqi qiymət verilməsi məqsədilə istintaq tədbirləri davam etdirilir.
Dövlət Komitəsi uşaqlara qarşı hər hansı formada zorakılığı qətiyyətlə pisləyərək, hər bir uşağın təhlükəsiz mühitdə böyümək, hüquq və mənafelərinin qorunması hüququna malik olduğunu vurğulayıb.
Xatırladaq ki, Bakının Badamdar qəsəbəsində yerləşən “EOS Junior” uşaq bağçasında uşaqlara qarşı zorakılıq iddiası ilə bağlı görüntülər yayılıb.
Valideynlərdən biri görüntülərdə uşaqlara qarşı fiziki zorakılıq edən şəxsin bağçanın direktoru olduğunu iddia edib. Onun sözlərinə görə, qadının davranışı ilə bağlı dəfələrlə şikayət edilsə də, uşaqlarla kobud rəftar davam edib.
Valideynlər hər uşaq üçün 200 manat ödəniş etdiklərini, lakin buna baxmayaraq, uşaqlara lazımi diqqət göstərilmədiyini və onların psixoloji gərginlik yaşadıqlarını bildiriblər.












