AMEA Türkiyənin Səlcuq Universiteti ilə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb - FOTO

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyənin Səlcuq Universiteti arasında Mövlanə Mübadilə Proqramı çərçivəsində elm və təhsil sahəsində əməkdaşlıq edəcək.
Akademiyadan 1news.az-a verilən məlumata görə, AMEA-nın rəyasət heyətində bu məqsədlə təşkil olunan görüşdə tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin imzalayıblar.
Memorandumda akademik fəaliyyət, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsi, bu istiqamətdə layihə və inkişaf proqramlarının həyata keçirilməsi, tərəflər arasında kadr mübadiləsi nəzərdə tutulur. Memoranduma əsasən hər iki qurum birgə elmi videokonfrans və görüşlər də keçirəcək.
Sonra tərəflər əməkdaşlıqla bağlı müzakirə aparıblar. Razılığa əsasən, AMEA-nın magistrant və doktorantları Mövlanə Mübadilə Proqramında iştirak edə biləcəklər.
Akademik A.Əlizadə rəhbərlik etdiyi qurumun Səlcuq Universiteti ilə əməkdaşlığının elm və təhsilin inteqrasiyasına təkan vermək, bu sahədə qarşılıqlı, faydalı münasibətlər qurmaq baxımından əhəmiyyətini qeyd edib.
Professor M.Şahin rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə geniş məlumat verib. Qeyd edilib ki, AMEA-nın elmi müəssisələri ilə universitet arasında kadr və təcrübə mübadiləsinin aparılması əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı, təhsil və elmin inkişafına da mühüm töhfələr verəcək.
1news.az