Birinci Azərbaycan-Rumıniya Universitet Forumu keçiriləcək
24-25 may tarixində Bakıda birinci Azərbaycan-Rumıniya Universitet Forumu keçiriləcək.
1news.az-ın məlumatına görə, forumda Rumıniya nümayəndə heyətinə təhsil nazirinin müavini Qiqel Paraskiv rəhbərlik edəcək.
Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku bildirib ki, nümayəndə heyətinin tərkibində Rumıniyanın əsas universitet mərkəzlərindən olan 10 qabaqcıl ali təhsil müəssisəsinin rektor, prorektor və təmsilçiləri daxildir.
Forumda Buxarest Politexnik Universiteti, Ploieşti Neft və Qaz Universiteti , Kluj-Napokanın Babes-Bolyai Universiteti, İaşinin “Alexandru Ioan Cuza” Universiteti, Kənd Təsərrüfatı Elmləri və Veterinar Təbabət Universiteti, Timisoara Politexnik Univesiteti, Suseavanın “Stefan cel Mare” Universiteti, Kluj-Napoka Texniki Universiteti , Buxarest Tibb və Əczaçılıq Universiteti, Piteşti Universitetləri qatılacaq.
Mayın 24-də təhsil nazirliklərinin nümayəndələri və universitetlər Azərbaycan və Rumıniyada təhsil islahatları, artıq rəqabətə çevrilən beynəlxalq mühitdə ali təhsilin yenidən struktura salınması və əmək bazarının ehtiyac və tələblərinə adaptasiya olmaq kimi məsələlərlə bağlı fikir mübadiləsi aparacaq, təcrübələrini bölüşəcəklər. Həmin gün ADA Universitetinin ev sahibliy ilə tələbə yarmarkası da keçiriləcək.
Forumun ikinci günü isə əsasən universitetlərarası əlaqələrə həsr olunacaq. Azərbaycan və Rumıniyanın ali təhsil müəssisələri arasında mübadilə və mobilliyin (həm tələbələr, həm də müəllim heyəti üçün) gücləndirilməsinə yol açan bir neçə universitetlərarası anlaşmaların imzalanması da gözlənilir.
Səfir bildirib ki, əməkdaşlıq üçün iki ölkə arasında ilk hadisə olan bu Universitet Forumu Rumıniya və Azərbaycan arasındakı diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ərəfəsinə təsadüf edir.
Diplomatın sözlərinə görə, Rumıniyada təhsil, xüsusilə neft və qaz, tibb sahəsində ali təhsil Avropada ən yüksək keyfiyyətlilərdən biridir.
Onun sözlərinə görə, Rumıniya həm rumın, həm də ingilis dillərində bir sıra təhsil proqramları təklif edir:
“Ötən il Rumıniyada 25 azərbaycanlı tələbə təhsil alıb. Biz bu sayı daha da artırmaq niyyətindəyik”.
Pərvanə Sultanova