"AvropadASAN" adlı yeni proqramın yayımı başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

"AvropadASAN" adlı yeni proqramın yayımı başlayır

12:26 - 24 / 05 / 2017
"AvropadASAN" adlı yeni proqramın yayımı başlayır

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, ADA Universiteti və ASAN Radio "AvropadASAN" adlı birgə proqramın yayımına başlayır.

1news.az-a Aİ-nin nümayəndəliyindən verilən məlumata görə, proqramın məqsədi Azərbaycan ictimaiyyəti ilə Avropa arasında anlaşma körpülərini qurmaqdır.

"AvropadASAN” bir saatlıq radio verilişi olub, Avropa ilə bağlı təhsil, informasiya və əyləncəli xəbərlərdən bəhs edəcək və musiqi ilə müşayiət olunacaq.

Verlişə Avropa İttifaqında mədəniyyət, təhsil, səyahət, musiqi dünyasının ən son trendləri barədə məlumatlar daxil ediləcək.

Ölkədə səfərdə olan və ya yaşayan avropalı rəssamlar, ifaçılar və iş adamları, eləcə də Avropada yaşamış Azərbaycanlılar da verlişin qonaqları olacaq.

"AvropadASAN” Azərbaycanda baş tutacaq Avropa mədəniyyət tədbirlərindən danışacaq. Aİ-yə üzv dövlətlərin səfirlikləri ilə tərəfdaşlıqda Azərbaycanda fəaliyyət göstərən Aİ nümayəndəliyi və Avropa səfirlikləri tərəfindən təşkil olunan gələcək konsertlər, sərgilər, film festivalları, müsabiqələr və digər bayram tədbirləri barədə proqramda məlumat veriləcək.

Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard deyib: "Yeni radio proqramının məqsədi Avropa İttifaqı və ona üzv dövlətlərin zəngin mədəni müxtəlifliyini nümayiş etdirmək və Azərbaycan ictimaiyyətinin Avropanı daha asan tanımasını təmin etməkdir. AvropadASAN-ın interaktiv olmasını istərdik, dinləyicilərimizin şərh və rəy verəcəyinə ümid edirik”.

"AvropadASAN” 100FM radio tezliyində hər ayın birinci və üçüncü çərşənbə axşamı günləri saat 18.30-19.30-da efirə veriləcək, hər ayın ikinci və dördüncü cümə axşamı günlərində saat 14:00 - 15:00-da təkrarlanacaq. Proqramın ilk qonağı Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard olacaq.

Pərvanə Sultanova

Paylaş:
549

Son xəbərlər

Bütün xəbərlər