Mübariz Əhmədoğlu: İranla münasibətdə ermənilər yeni özünüaldatma kampaniyasına başladılar
Ermənistan siyasilərinə görə “İran-Azərbaycan dəmir yolu layihəsi havadan asılı vəziyyətdə qalıb. Azərbaycan vəd verdiyi pulu ayırmadığı üçün bu dəmir yolu tikilmir. Səbəb Azərbaycan Beynəlxalq Bankının bankrot olmasıdır”.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, iranşünas VardanVoskanyanın fikrincə, Ermənistan üçün öz niyyətlərini reallaşdırmaq yolunda əlavə imkanlar yaranıb. Yerevan bu momentdən istifadə etməyi bacarmalıdır.
Bunun erməni siyasilərinin intellektual məhdudluğuna və fürsətbazlığına yaxşı nümunələrdən biri olduğunu deyən M.Əhmədoğlunun sözlərinə görə, İran-Azərbaycan dəmir yolunun tikilməməsinin çox səbəbi ola bilər. Amma bunların heç biri Azərbaycanla əlaqəli deyil:
ı. İranda prezident seçki kampaniyası dövründə bütün iri layihələr üzərində fəaliyyət passivləşmişdi. Bu seçki kampaniyası dövrünə xas xüsusiyyətdir. Amma yenə də prezidentliyə namizəd qismində H.Ruhani Azərbaycanla kommunikasiya layihələrini gündəlikdə saxlamışdır. Prezident seçildikdə ilk mətbuat konfransında H.Ruhani Gürcüstan və Rusiya istiqamətlərindəki dəmir yollarını Azərbaycanla birlikdə tikəcəklərini bəyan etdi. Bəyanat çox aydın və konkret idi. Başqa sözlə, İrandan şimala çıxan kommunikasiyalarda rəsmi Tehran Ermənistan üçün heç nə saxlamır.
ıı. Rəşt -Astara dəmir yolunun tikintisinə hazırlıqda maneə var. İranda dəmir yolunun keçəcəyi ərazidəki torpaqların sahibləri öz torpaqlarını baha qiymətə satmaq istəyirlər. Bu İranın daxili məsələsidir. H.Ruhaniyə secicilərin etimadı bu problemin də asanlıqla həll olunacağını deməyə əsas verir.
ııı. Rəşt-Astara dəmir yolunun tikintisi üçün lazım olan təxminən 1 milyard dollar kredit öhdəliyi Azərbaycanın hansısa bankının üstündə deyil, Azərbaycan hökumətinin üstündədir. Ona görə Azərbaycan hökuməti Rəşt-Astara dəmir yolunun maliyyələşməsini istənilən başqa bankına həvalə edə bilər.
“Ermənilərin dövlət səviyyəsində özünü aldatma ilə məşğul olmasının Azərbaycanın maraqlarına zərrə qədər ziyanı yoxdur”- deyə, M.Əhmədoğlu qeyd edib.
Babək Cahandarov