Nalbandyanın növbəti yalanı: BMT TŞ-nın qətnamələrini necə təhrif etdi?
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan dünən Estoniyanın xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 4 qətnaməni təhrif edən fikirlər səsləndirib və Azərbaycanı həmin qətnamələri yerinə yetirməməkdə ittiham edib. Nalbandyan bu sənədlərdə hərbi hərəkətlərin dayandırılması və atəşkəsə əməl edilməsinin təsbit olunduğunu deyib. Məlumdur ki, həmin qətnamələrdə Azərbaycanın işğal edilmiş bütün ərazilərindən Ermənistanın işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz çıxarılması açıq şəkildə tələb edilir.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası münaqişəyə dair ilk qətnaməni 30 aprel 1993-cü ildə qəbul edib. "BMT TŞ 822 saylı qətnaməsi" adlanan bu sənəd Təhlükəsizlik Şurası sədrinin 1993-cü il yanvarın 29-da və aprelin 6-da verdiyi bəyanatlara istinadən hazırlanıb. Qətnamədə bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilirdi. BMT TŞ atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə və hərbi əməliyyatlara son qoyulmasına çağırır, təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər ərazilərindən çıxarılmasını tələb edirdi.
29 iyul 1993-cü idəl Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı ikinci qətnamədə hərbi əməliyyatların genişlənməsini və xüsusilə Azərbaycanın Ağdam rayonunun işğal edilməsindən narahatlıq ifadə olunur. Həmçinin, sənəddə Azərbaycanın və regionda bütün digər dövlətlərin suverenliyi və ərazi bütövlüyü bir daha təsdiq edilərək, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha vurğulanıb. Qətnamədə bütün hərbi əməliyyatların dərhal dayandırılması, münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsız çıxarılması tələb olunur.
1993-cü il oktyabrın 14-də BMT TŞ yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 saylı, həmin il noyabrın 11-də isə 884 saylı qətnamə qəbul etdi. Sənədlərdə Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə olunur və işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb edilirdi.
Bu sənədlər açıq şəkildə yayılsa da, Ermənistan tərəfi üzərinə düşən məsuliyyətdən yayınmaq, işğalçılıq siyasətinə haqq qazandırmaq üçün onların mahiyyətini təhrif etməyə çalışır.
Nalbandyanın bu bəyanatı ATƏT-in Minsk qrupu həmsədrlərinin səfərlərindən az sonra verilib. Bu isə onu göstərir ki, İrəvan əvvəlki işğalçı mövqeyində qalır, beynəlxalq hüququn norma və prinsiplərini pozmaqda davam edir. Həmçinin, geriyə addım atmaq niyyətində deyil.
Məsələyə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də münasibət bildirib. Onun sözlərinə görə, belə təəssürat yaranır ki, Ermənistan XİN-də ya Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin nə olduğunu bilmirlər, ya da qəsdən Helsinki Yekun Aktı və BMT Nizamnaməsini təhrif edərək erməni xalqını aldatmağa çalışırlar:
“BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif etmək səlahiyyəti heç kimə verilməyib. Münaqişənin həlli üçün prinsipial baza olan BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələri Azərbaycana qarşı gücdən istifadəni, Azərbaycanın ərazilərinin işğalını pisləyir və ölkəmizin suverenliyi, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir.
Güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməzliyini vurğulayır.
Sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunu Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi bir daha təsbit edir və Azərbaycanın işğal edilmiş bütün ərazilərindən işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir”.
"Bu, sırtıqcasına ağa qara deməkdir
Politoloq millət vəkili Rasim Musabəyov qeyd edilən açıqlamanı Nalbandyanın ənənəvi olaraq növbəti sarsağlaması adlandırıb: “İlk dəfə deyil ki, belə açıqlama verilir. Sarkisyan da NATO- nun iclasında iştirakı zamanı belə bir sərsəm açıqlama vermişdi. Vəssalam, başqa izaha da ehtiyac yoxdur.
Ermənilər qəbul edilmiş sənədlərə, qətnamələrə istinad olunanda, həmin istinadı pozmağa cəhd edirlər. Əgər doğurdan da bu qətnamələrdə yalnız atəşkəsə əmək edilməsi, hərbi hərəkətlərdən çəkinməklə bağlı bəndlr yer alıbsa, onda niyə Azərbaycanın həmin sənədlərə istinad etməsi onları qıcıqlandırır. Bu cür bəndlərin olmadığını “isbat” etməyə çalışırlar”.
Politoloq düşnür ki, qarşı tərəfin bu mövqeyi nəzərə alınarsa, yaxın zaman üçün Qarabağ münaqişəsinin nizamlanması istiqamətində hər hansı dəyişiklik gözləmir:
“Əgər müsbət dəyişikliklər gözlənilsəydi, xarici müşahidəçilər, analitiklər deməzdilər ki, müharibə ehtimalları artıb. Əslində onlar görürlər ki, ermənilər özlərin elə aparırlar ki, heç bir razılaşma əldə etmək mümkün deyil. Belə olan halda isə cəbhə xəttində gərginlik artacaq”.
Politoloq Fikrət Sadıqov isə vurğulayıb ki, bu, Ermənistanın ideoloji informasiya cəmiyyətinin birmənalı şəkildə tərkib hissəsidir: “Onların ideoloji informasiya təbliğatı əsasən təxribatlardan ibarətdir. Bizə qarşı yalan iddialar irəli sürür, Azərbaycanı günahlandırırlar ki, guya ölkəmiz Ermənistana qarşı aqressiv şəkildə ssenari, planlar hazırlayır. Bunlar hamısı cəfəngiyyatdır, boş ifadələrdir. Çünki bütün dünya bilir ki, erməni əsgəri Azərbaycanın torpağındadır. İşğal edilmiş ərazilərin boşaldılmaması Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsidir. Nəinki BMT, hətta AŞPA vaxtilə bir sıra qərarlar qəbul edib, bütün dünya ölkləri birmənalı şəkildə ərazi bütövlüyümüzü tanıyır. Yəni Nalbandyanın belə açıqlama verməsi, Azərbaycanı günahlandırması özünə bəraət qazandırmağa çalışmaqdır”.
Politoloq düşünmür ki, Ermənistanın bu cür addımları hansısa dövlət tərəfindən normal, sivil bir addım kimi qəbul olunsun:
“Çünki artıq işğal olunmuş torpaqlarımız və qarşı tərəfin işğalçı siyasəti göz önündədir. Bizim son illər atdığımız güclü, ciddi diplomatik addımlarımız, hücum diplomatiyamız Ermənistanın bir sıra təxribatlarını ifşa edib.
Reallıq ondan ibarətdir ki, bir dövlət digərinin torpaqlarını işğal edib, beynəlxalq birlik bunu etiraf etməklə yanaşı, digər tədbirlərə də əl atmalıdır. Dəfələrlə deyirik, amma yenə deməyə məcburuq ki, bu, ikili yanaşmadır. İkili standartlar bundan ibarətdir. Digər tərəfdən, görünür əsas dünya gücləri bunu bir təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Ölkəmizin bir sıra addımlarını neytrallaşdırmaq, inkişafa zərbələr endirmək. Hər halda seyrçi mövqeyin məqsədi münaqişəsi asılmış bir vəziyyətdə saxlamaqdan ibarətdir. Amma başa düşmürlər ki, Azərbaycan gücləndikcə öz məqsədlərinə gəlib çata biləcək. Biz bunu ötən ilin aprelində sübut etmişik. Çünki bizdə həm güc, həm iradə, hərbi siyasi potensial var. Bundan heç vaxt əl çəkməyəcəyik və bunu nəinki bəyanatlarda, hətta əməllərdə sübut edirk”.
Pərvanə Sultanova