“Milli qurtuluşdan başlanan yollar” devizi altında kütləvi vətənpərvərlik tədbiri keçirilib – FOTO

Müdafiə Nazirliyi və Füzuli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Horadiz şəhər stadionunda “Milli qurtuluşdan başlanan yollar” devizi altında kütləvi vətənpərvərlik tədbiri keçirilib.
1news.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin rəsmiləri, Füzuli rayon icra hakimiyyətinin rəhbərliyi və qonaqlar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına gül dəstələri qoyublar.
Hərbi orkestrin ifasında təntənəli fanfara ifa edildikdən sonra 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş kütləvi vətənpərvərlik bayramı başlanıb.
Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib, Dövlət Himni ifa olunub.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbir iştirakçılarını salamlayıb, bu tədbirin Horadiz şəhərində keçirilməsinin təsadüfi olmadığını qeyd edib. Nəzərə çatdırılıb ki, Horadiz şəhəri və rayonun 20-dən çox yaşayış məntəqəsi məhz ulu öndərimizin Azərbaycan hakimiyyətinə yenidən qayıdışı, bu cəbhə bölgəsinə səfəri zamanı qətiyyətli, inamverici, qürurverici çıxışları və əbədiyaşar Ali Baş Komandanın xeyir-duası ilə müqəddəs savaşa atılan Azərbaycan Ordusunun şücaəti nəticəsində azad edilib, Horadiz qəsəbəsinin xarabaları üzərində yenidən dirçələrək müasir yaşayış məntəqəsinə çevrilib.
Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə yenidən qurulmuş Horadiz qəsəbəsinə şəhər statusu verilib və şəhər bu gün daha da çiçəklənməkdə, inkişaf etməkdədir. Dövlət başçısının qeyd etdiyi kimi, biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan Ordusunu və ulu öndər Heydər Əliyevin siyasətini görürük.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev müdafiə naziri Zakir Həsənovun adından tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən, ordu quruculuğundakı müstəsna fəaliyyətindən danışıb. Böyük inamla bildirib ki, Heydər Əliyev ideyalarına həmişə sadiq olan Azərbaycan əsgəri Ali Baş Komandanımızın rəhbərliyi altında aprel döyüşlərindəki qələbəni təzələməyə hazırdır və işğal altında olan digər torpaqlarımız da xalq ilə ordunun birliyi, qələbəyə inamı ilə azad ediləcək.
Vaxtilə bu bölgədə birlik komandiri vəzifəsində xidmət etmiş ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, Horadizin azad edilməsində xüsusi xidmətləri olmuş sabiq hərbi hissə komandiri ehtiyatda olan polkovnik Şair Ramaldanov bu gün də müdrik və qətiyyətli baş sərkərdəmiz İlham Əliyevin əmrlərinə hər an hazır olduqlarını deyiblər.
Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov xocavəndlilərin də gələcəyə böyük inamla baxdıqlarını, Horadiz, Cocuq Mərcanlı kimi onların da yolunu gözləyən yurd yerlərinin intizarına tezliklə son qoyulacağına inandıqlarını bildirib.
Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanan kütləvi vətənpərvərlik bayramında milli qurtuluşdan başlanan yollar video-süjetlərinin təqdimi, Silahlı Qüvvələr Mahnı və Rəqs Ansamblının rəngarəng ifası, tanınmış incəsənət ustalarının, Füzuli Dövlət Dram Teatrının, məktəblilərin və birləşmiş əsgər özfəaliyyət kollektivlərinin iştirakı ilə yüksək bədii tərənnümünü tapıb.
Tədbir “Biz gedirik Qarabağa” şüarı ilə, “Horadiz halayı”ndan “Qələbə halayı”nadək nidaları altında başa çatıb.
Babək Cahandarov