Prezident Qax şəhəri ilə bağlı sərəncam imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Qax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Qax rayonunda infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Olimpiya İdman Kompleksi, “İçəribazar” qala kompleksi, Bayraq Muzeyi, əlil və şəhid ailələri üçün 68 mənzilli 3 yaşayış binası inşa edilmiş, Mərkəzi Rayon Xəstəxanası, Rayon Mədəniyyət Mərkəzi, Uşaq-Gənclər Şahmat İdman Məktəbi əsaslı təmir olunmuş, müasir tələblərə cavab verən digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, iri istehsal müəssisələri yaradılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Sərəncamda qeyd olunur ki, Qax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qax Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.
Prezident İlham Əliyev Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikası regionlarının ahəngdar inkişafı, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illər bu sahədə qəbul olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində regionların içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, sakinlərin içməli su ilə fasiləsiz təminatı sahəsində mühüm nailiyyətlər əldə edilmişdir.
Bu tədbirlərin davamı olaraq, Qax şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə həyata keçirilən şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsi kimi, həcmi 2x500 kubmetr olan beş su anbarında tamamlama işlərinin başa çatdırılması, həcmi 2x500 kubmetr olan bir su anbarının, diametrləri 110-160 mm, uzunluğu 14,4 km olan paylayıcı su şəbəkəsinin, diametrləri 200-500 mm, uzunluğu 1,35 km olan kanalizasiya şəbəkəsinin tikintisi və ilkin mərhələdə görülən işlər nəticəsində sökülmüş 7722 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranmışdır.
Sərəncamda qeyd olunur ki, Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2,99 milyon (iki milyon doqquz yüz doxsan min) manat ayrılsın.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.
1news.az