Rusiya və Ermənistan birləşmiş HHM qüvvələrinin tərkibini müəyyən ediblər
Rusiya və Ermənistan Qafqaz bölgəsində fəaliyyət göstərəcək Birləşmiş Regional Hava Hücumundan Müdafiə Sistemi (HHM) qüvvələrinin tərkibini müəyyən ediblər.
1news.az RİA- Novosti-yə istinadən xəbər verir ki, bu barədə Baş Qərargah rəisi, Rusiya Hava-Kosmik Qüvvələrinin baş komandanının birinci müavini general-leytenant Pavel Kuraçenko bildirib.
Onun sözlərinə görə, kollektiv təhlükəsizliyin Qafqaz bölgəsindəki Birləşmiş Regional Hava Hücumundan Müdafiə Sistemi qüvvələrinin tərkibinə qatılması üçün Rusiya və Ermənistanın ayırdığı qoşunların siyahısı müəyyən edilib.
Kuraçenko əlavə edib ki, iki ölkə arasında bu sistemin yaradılması barədə sazişin əməli icrasına dair sənədlərin hazırlanmasına başlanılıb.
Xatırladaq ki, bu saziş 2015-ci ilin dekabrın 23-də Moskvada imzalanıb və 2016-cı ilin dekabrında Dövlət Duması tərəfindən ratifikasiya edilib.
Sentyabrın 5-də Həştərxanda MDB ölkələrinin müdafiə nazirləri Şurasının yanında Hava Hücumundan Müdafiə məsələləri ilə bağlı Koordinasiya Komitəsinin iclası öz işinə başlayıb. Tədbirdə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistan Müdafiə Nazirliklərinin nümayəndə heyətləri iştirak edirlər.
P.Sultanova