Mehriban Əliyeva Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 15-də Fransa Respublikasının Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
1news.az xəbər verir ki, fransalı qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edən Birinci vitse-prezident Mehriban Əliyeva nümayəndə heyətinin bu səfərinin Fransada prezident seçkilərindən sonra ölkəmizə ilk səfəri olduğunu dedi və onlara uğurlar arzuladı.
“Çox sevindirici haldır ki, sizin səfəriniz ölkəmiz, həmçinin ikitərəfli əlaqələrimiz üçün çox əhəmiyyətli bir hadisə ilə üst-üstə düşür. Bu gün Bakıda Fransız-Azərbaycan Universitetinin yeni binasının açılış mərasimidir. Bu hadisə son illər xalqlarımız arasında əməkdaşlığın, xüsusilə də humanitar sahədə əməkdaşlığın davamıdır”, - deyən Mehriban Əliyeva universitetin ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsinə əlavə təkan verəcəyinə əminliyini bildirdi. Qeyd etdi ki, Bakıda Fransız liseyi də fəaliyyət göstərir və bu lisey bu gün artıq aparıcı təhsil ocaqlarından biridir. Birinci vitse-prezident Fransız-Azərbaycan Universitetinin fəaliyyətini təhsil sahəsində əlaqələrin inkişafı üçün çox mühüm bir addım kimi dəyərləndirdi.
Vurğuladı ki, bu hadisə, eyni zamanda, hər iki ölkədən olan tələbələr, müəllimlər, elm adamları arasında əlaqələrin dərinləşməsinə kömək edəcək. Mehriban Əliyeva əlaqələrin möhkəmlənməsi və genişləndirilməsində humanitar əməkdaşlığın vacibliyini bir daha vurğulayaraq bildirdi ki, insanları, xalqları bir-birinə yaxınlaşdıran məhz bu sahədə qurulan əlaqələrdir. Azərbaycanın Birinci vitse-prezidenti son illər ölkəmizin bu sahədə bir çox nailiyyətlər əldə etdiyini, Azərbaycan reallıqlarının, mədəniyyətinin, tarixinin Fransada təbliğ olunduğunu vurğuladı.
Əməkdaşlığımızın bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu deyən Mehriban Əliyeva bildirdi ki, bu il Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi qeyd edilir və bütün bu illər ərzində ölkələrimiz arasında bir çox sahələrdə geniş əlaqələr yaradılıb. Münasibətlərimiz qarşılıqlı hörmət və marağa əsaslanır. Ötən illərə nəzər salan Birinci vitse-prezident əməkdaşlığımızın müxtəlif sahələri əhatə etdiyini, o cümlədən energetika, nəqliyyat, texnologiyalar, kənd təsərrüfatı sahələrində qurulan əlaqələrdən danışdı. İkitərəfli əlaqələrimizin potensialının daha geniş olduğunu diqqətə çatdıran Mehriban Əliyeva, eyni zamanda, yeni layihələr üzərində işləməyin vacibliyini vurğuladı, ölkəmizə göstərilən marağa və diqqətə görə minnətdarlığını bildirdi.
Fransa Respublikasının Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan Mehriban Əliyevanın fəaliyyəti barədə məlumatlı olduğunu, iki ölkə arasında münasibətlərin dərinləşməsi üçün Parisdə və Fransanın regionlarında bir çox işlər gördüyünü qeyd etdi və bu fəaliyyəti yüksək qiymətləndirdi. Bildirdi ki, bu, əməkdaşlıq üçün atılan vacib addımlardır.
1news.az