İraq türkmənlərinin lideri: Torpaqlarımızın ələ keçirilməsinə əsla yol verməyəcəyik
İraqın Kürd muxtariyyətində referendumun keçirilməsi yeni bir təşəbbüs deyil. Referendum məsələsi daha əvvəl də dəfələrlə gündəmə gətirilib.
Bunu 1news.az-a açıqlamasında İraq türkmənlərinin lideri, Türkməneli Partiyasının sədri Riyaz Sarikahya deyib.
O bildirib ki, bütün kürdlər bu məsələdə həmfikirdir: “Bütün kürdlərin istədiyi müstəqil Kürdüstan dövlətinin qurulmasıdır. Lakin hazırda kürd partiyalarının bəziləri hesab edirlər ki, referendum keçirilib, müstəqil Kürdüstan qurulmalıdır, bir qismi isə o fikirdədir ki, indi uyğun zaman deyil, bir qədər gözləmək lazımdır. Prinsip etibari ilə hamısı referendumun tərəfdarıdır. Belə bir vəziyyət bölgə və dünya dövlətlərindən “razılıq vizası” alınana qədər davam edəcək. Ancaq ilk fürsət ələ düşən kimi, gec və ya tez referendum keçirəcəklər”.
Riyaz Sarikahya əlavə edib ki, illərdir kürd siyasətçilərinin beynində və ruhunda müstəqil Kürdüstan dövlətinin yaradılması xəyalı dolaşır:
“Bərzani referendum yolu ilə türkmən torpaqlarını və bəzi ərəb bölgələrini də öz ərazilərinə qatmaq istəyir. Xüsusilə, Kərkük, Tuz- Xurmatu və digər türkmən bölgələrini ələ keçirmək niyyətləri var.
Biz, təbii ki, buna qarşıyıq və heç bir halda buna yol verməyəcəyik. Bu məsələ ilə bağlı mövqeyimizi əvvəlcə İraq hökumətinə, daha sonra BMT-yə, ABŞ, Britaniya, Türkiyə, İran Rusiya hökumətlərinə çatdırdıq və bildirdik ki, buna qarşıyıq. Ayrıca, türkmən partiyaları da referendumu boykot etməklə bağlı qərar qəbul ediblər”.
Onun sözlərinə görə, hələ də bölgədə durum gərgindir. Hər an qarşıdurma yaşana bilər. Vəziyyət hələ bir neçə gün də belə qeyri-müəyyən qalacaq.
Türkmən partiyasının lideri bildirib ki, İran, Türkiyə, Rusiya bu referendum qarşı mövqelərini ortaya qoyub, ABŞ və bəzi Avropa ölkələri isə təxirə salınmasını istəyir.
R. Sarikahya ABŞ-ın iki tərəfli oyun nümayiş etdirdiyini düşünür: “Bir tərəfdən kürdlər indi müstəqilliyini elan edə bilməzlər deyir, amma digər tərəfdən dünyaynı yavaş-yavaş buna hazırlayır. Onların məqsədi yalnız İraqın kürd bölgəsi deyil, həm də 4-5 ölkədən torpaq alıb Böyük Kürdüstan yaratmaqdır”.
O hesab edir ki, kürdlər dünya güclərinin razılığı olmadan referendum keçirsələr belə, müstəqilliklərini elan etməyəcəklər:
“Lakin İraq içində güclü bir karta çevrilmək üçün referendumdan istifadə etmək yolunu seçiblər. Bununla da İraqdan daha çox pul və imtiyazlar qazanırlar. Kürdlər türkmənləri yox hesab etdikləri üçün, torpaqlarına göz dikirlər. Biz də bizi yox sayan, görməzdən gələn hər cür cəhdə qarşı olacağıq. Torpaqlarımız üçün lazım gələcəksə, canımızı fəda edəcəyik. Biz kürdləri öz qardaşlarımız olaraq görürük, tərəfdaş da olmaq istəyirik, amma bərabər hüquqlar əsasında. Asılı tərəfdaşlığı əsla qəbul etməyəcəyik. Ana vətənimiz Azərbaycandan da dəstək və yardım gözləyirik”.
Xatırladaq ki, İraq Konstitusiya Məhkəməsi sentyabrın 25-də kürd muxtariyyətinin müstəqilliklə bağlı keçirmək istədiyi referendumu təxirə salıb. Buna səbəb kimi isə “referendumun konstitusiyaya zidd olması ilə bağlı” şikayətlərin araşdırılmasını göstərib. Kürd muxtariyyətinin lideri Məsud Bərzani isə referendum qərarında israrlıdır. Bərzaninin atacağı yekun addım isə yaxın günlərdə bəlli olacaq.
Pərvanə Sultanova