Almaniya Bundestaqında 14 Türkiyə kökənli millət vəkili
Sentyabrın 24-də Almaniya Bundestaqına keçirlən seçkilərdə 14 Türkiyə kökənli millət vəkili seçilib.
1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onların 10 nəfəri qadındır.
Aralarında ən gənc isə 1985-ci il təvəllüdlü Elvan Korkmazdır. O, aktiv və uğurlu siyasətçi hesab olunur.
Qeyd edək ki, Almaniyada keçirilən parlament seçkilərində kansler Angela Merkelin başçılıq etdiyi alyans qalib qalıb gəlib.
Bülletenlərin 100 faizinin hesablanmasından sonra hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 33% səs toplayıb. İkinci yerdə Sosial-Demokrat (20,5%), üçüncü isə Almaniya üçün Alternativ Partiyasıdır – 12,6%.
Beş faizlik seçki baryerini keçən Azad Demokratik Partiya (10,7%) , Sol Partiya (9,2%) və Yaşıllar Partiyası (8,9%) Bundestaqda təmsil olunacaqlar.
Seçkilərin rəsmi nəticəsi hələ elan edilməyib.
P.Sultanova