“Playboy” jurnalının təsisçisi vəfat edib – FOTO
“Playboy” pornoqrafiya jurnalının yaradıcısı Hyu Hefner 91 yaşında vəfat edib.
1news.az-ın məlumatına görə, bu barədə dərginin “Twitter” səhifəsində yazılıb.
Məlumat üçün bildirək ki, Hyu Hefner 1926-cı il aprelin 9-da Çikaqo şəhərində anadan olub. Hərbi xidmətdən sonra o, İllinois Universitetinin psixologiya fakültəsinə daxil olub.
Daha sonra “Esquire” jurnalının reklam şöbəsində işləməyə başlayıb. Pornoqrafiya jurnalı təsis etmək ideyası da məhz bu zaman yaranıb.
Hefner ilk dəfə “Playboy” jurnalını öz mətbəxində hazırlayıb. 1953-cü ildən etibarən nəşr olunmağa başlayan jurnalın birinci nəşrində Merlin Monronun çılpaq şəkilləri əks edilmiş və jurnal Hefnerin şəxsi pulu hesabına 50 000 tirajla buraxılmışdı.
Az sonra o dünyanın ən çox satılan kişi jurnalına çevrilib. Statistikaya görə, jurnalın ay ərzində 7 milyon nüsxəsi satılır.
Bu günə kimi jurnalda Sindi Krouford, Naomi Kempell, Şeron Stoun, Dennis Rodman, Tommi Hilfiger, Kevin Speysi, Con Travolta kimi məşhurların fotoları yer alıb.
Qeyd edək ki, Hefnerin varidatı 50 milyon dollar civarında dəyərləndirilir.
Babək Cahandarov