Kataloniyada keçirilmiş referendumun nəticələri açıqlanıb - YENİLƏNİB
İspaniyanın Kataloniya bölgəsində keçirilən referendumda müstəqillik tərəfdarları qalib gəlib.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul Barselonada keçirdiyi mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, səsvermədə iştirak edənlərin 90%-i müstəqilliyin lehinə səs verib.
“2 milyon 20 min 144 nəfər İspaniyadan ayrılmaq qərarı verdi. Demək olar ki bu, referendumun yekun nəticələridir”, - deyə J.Turul qeyd edib.
Seçici fəalliğı ilə bağlı dəqiq məlumat hələ ki, məlum deyil.
Qeyd edək ki, ötən gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilib. İspaniya hökuməti referendumu qeyri-qanuni hesab edib, polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün tədbirlər görüb. Kataloniya hökumətinin verdiyi məlumata görə, polislə toqquşmalarda 844 nəfər xəsarət alıb. İspaniya Daxili İşlər Nazirliyi toqquşmalar zamanı 33 asayiş keşikçisinin yaralandığını bildirib.
S.Xankişiyeva
01.10.2017
Bu gün Kataloniyada polislə toqquşmalar zamanı xəsarət alanların sayı 460 nəfəri ötüb.
1news.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu bu gün Barselonanın meri Ada Kolau bildirib.
Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir. İspaniya hökuməti referendumu qanunsuz sayır və polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün addımlar atır.
1news.az