Ermənistan yeni silahlar almağa 27 milyard dram ayıracaq
Ermənistanın Müdafiə Nazirliyi gələn il yeni silahlar almaq üçün əlavə 27 milyard dram vəsait yönəltmək niyyətindədir.
1news.az “Azadlıq” radiosunun erməni xidmətinə istinadla xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Viqen Sarkisyan deyib.
O bildirib ki, 2018-ci ilin dövlət büdcəsi layihəsində müdafiə xərcləri 55 milyon dollaradək artıb. Lakin Sarkisyan hansı ölkələrdən və nə kimi yeni silah növlərini əldə etmək istədiklərini açıqlamayıb:
“Mən silahları hərbi paradlarda nümayiş etdirməyə üstünlük verirəm. Onların mümkün alışı barədə danışmaq lazımsız və mənasızdır. Birincisi, bu, bütün prosesləri çətinləşdirir, ikincisi, gələcək planın açıqlanması rəqibə sənə qarşı vasitələr əldə etməyə imkanı verir ".
Qeyd edək ki, Ermənistan silah alınmasına dair sonuncu böyük müqaviləni ötən ilin əvvəlində imzalayıb. 200 milyon dollar kredit müqabilində Rusiya Ermənistana bir sıra yeni silahlarla təmin etməyə söz verib. Erməni mətbuatı yazır ki, demək olar iki il keçib, lakin silah tədarükü hələ başa çatmayıb.
V.Sarkisyan Rusiyanın yaxın günlərdə bütün silahları verəcəyini vurğulayıb: “Bu ilin sonuna kimi 200 milyon məbləğində silah tədarükünün başa çatacağı gözlənilir”.
P.Sultanova