Göyçayın 21 kəndinə yeni içməli su xətləri çəkilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayın 21 kəndinə yeni içməli su xətləri çəkilir

19:45 - 11 / 10 / 2017
Göyçayın 21 kəndinə yeni içməli su xətləri çəkilir

Prezident İlham Əliyevin imzaladığı “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli Sərəncama uyğun olaraq, hazırda Göyçay rayonunun kənd yaşayış məntəqələrinə yeni layihə əsasında içməli su xətləri çəkilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, “Azərsu” ASC-nin sifarişi ilə rayonun 15 kəndində müxtəlif diametrli plastik borularla daşıyıcı və məhəllədaxili paylayıcı su xətlərinin çəkilişi, bulaqların inşası işləri uğurla davam etdirilir. Kəndlərdə su xətlərinin çəkilişinə 5 ay öncə başlanılıb və hazırda son tamamlama işləri görülür. Bəzi kəndlərə suyun verilməsi ilə bağlı artıq sınaq işləri görülür.

Bığır, Hacalıkənd, Qarabaqqal və Çayarxı kəndləri Göyçay şəhərinin sənaye zonasında mövcud olan subartezian quyularından, digər 11 kənd isə Ucar magistral su kəmərindən götürülən su ilə təmin olunacaq.

Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Göyçayın 6 kəndində modul tipli sutəmizləyici qurğuların inşasına başlanılıb. Yeni layihələr əsasında sutəmizləyici qurğuların quraşdırılması üçün torpaq sahəsi və su mənbəyi seçilib, bünövrə-beton işləri görülüb. Hazırda tikinti-quraşdırma işləri həyata keçirilir, kənddaxili su xətləri çəkilir.

Qeyd edək ki, rayonun 21 kəndində əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində həyata keçirilən bu layihələr başa çatdıqdan sonra ümumilikdə 33 min 993 nəfər ekoloji cəhətdən təmiz içməli su ilə təmin ediləcək. Cari ilin sonunadək bütün kəndlərdə yeni su xətlərinin çəkilişinin başa çatdırılması və əhaliyə suyun verilməsi nəzərdə tutulur.

1news.az

Paylaş:
514

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər