Prezident: Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq
Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq.
1news.az xəbər ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşündəki çıxışında deyib.
Dövlət başçısı bildirib ki, tezliklə rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyur. Bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaq.
Prezident “Cənub Qaz Dəhlizi”nin dünyanın ən böyük infrastruktur layihələrindən biri olduğunu əlavə edib.
Ölkə başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq miqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır: “Bu gün biz tərəfdaşlarımızla birlikdə “Cənub Qaz Dəhlizi” layihəsini icra edirik. Bu, dünyanın ən böyük infrastruktur layihələrindən biridir. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP qaz kəməri üzrə saziş 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında İstanbul şəhərində imzalanmışdır və bu kəmər gələn il istifadəyə veriləcəkdir”.
1news.az