Kürdüstan muxtariyyətində ümumi seçkilər 8 ay təxirə salınıb
Sentyabrın sonlarında Bağdad tərəfindən tanınmayan müstəqillik barədə referendumun keçirildiyi İraq Kürdüstanının parlamenti prezident və parlament seçkilərinin keçirilməsini 8 ay müddətində təxirə salmaq qərarına gəlib.
1news.az xəbər verir ki, Rudaw telekanalının yaydığı məlumata görə, parlamentin iclasında iştirak edən 68 deputatdan 60-ı seçkilərin təxirə salınmasına səs verib, 8 deputat isə təklifin əleyhinə çıxıb.
Beləliklə, parlamentin səlahiyyətləri daha 8 ay – 2018-ci ilin iyul ayınadək uzadılıb.
Regionda əvvəlki parlament seçkiləri 2013-cü ildə, sonuncu prezident seçkiləri isə 2009-cu ildə keçirilib. Məsud Barzaninin prezidentlik səlahiyyətləri 2013-cü ildə başa çatıb və bu müddət iki dəfə - parlament və məhkəmə tərəfindən uzadılıb. Barzani yeni müddətə namizədliyini irəli sürməyəcəyini bəyan edib.
Bir qədər əvvəl İraq Kürdüstanının seçkilər üzrə ali komissiyası prezident postuna qeydiyyatdan keçən namizədlərin olmaması və regionda baş verən hadisələr səbəbindən noyabrın 1-nə təyin olunmuş ümumi seçkilərə hazırlığı dayandırmaq barədə qərar qəbul etmişdi.
Xatırladaq ki, sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik barədə referendum keçirilib. Muxtariyyətin seçkilər və referendum barədə ali komissiyasının məlumatına əsasən, səsvermədə iştirak edən seçicilərin 92,7 faizi müstəqilliyə səs verib. İraq hökuməti öz növbəsində referendumu qanunsuz sayıb və onun nəticələri barədə muxtariyyətin regional hökuməti ilə danışıqlar aparmayacaqlarını bildirib. Eyni zamanda qonşu dövlətlər – Türkiyə, İran, həmçinin ABŞ və BMT referendumun əleyhinə çıxıb.
Oktyabrın 16-da i İraqın Baş naziri Heydər əl-Əbadi Kürdüstanla mübahisəli regionlarda, o cümlədən muxtariyyətin tərkibinə daxil olmayan Kərkükdə təhlükəsizliyin və sabitliyin bərpa olunması üzrə kampaniyanın başlamasına göstəriş verib. İraq ordusu bir sutkadan da az müddət ərzində Kərkük şəhəri və onun ətrafı üzərində nəzarətə yiyələnə bilib. Həmçinin Kərkükün bütün neft yataqları da hökumət qüvvələrinin nəzarətinə keçib.
1news.az