Sülh Platforması: Ermənilər və azərbaycanlılardan başqa bu münaqişənin kiminsə həll edəcəyinə inanmaq sadəlövhlükdür
Oktyabrın 30-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində hər iki xalqın sülhsevər nümayəndələri və ATƏT-in Minsk qrupuna daxil olan digər ölkələrin ictimai-siyasi xadimləri bir araya gələrək qurultay keçirib.
Qurultayda Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması təsis edilib və 19 nəfərdən ibarət idarə heyəti, 29 nəfərdən ibarət Ekspertlər Şurası və digər seçkili orqanları formalaşıb.
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının I Qurultayının İştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Ermənistan prezidenti Serj Sarkisyana müraciət ediblər.
1news.az-ın verdiyi xəbərə görə, müraciətdə deyilir:
“SSRİ-nin dağılmasından sonra öz müqəddəratını təyinetmə hüququndan istifadə edən Azərbaycan və Ermənistan müstəqil dövlət oldular. Lakin çox təəssüflər olsun ki, beynəlxalq hüquq və Avropada qəbul olunan Helsinki Yekun aktı əsasında dövlətlərarası sivil əlaqələr Cənubi Qafqaz regionunda əsas meyara çevrilə bilmədi. İki ölkə arasında baş verən qanlı müharibənin fəsadları regionda hələ də sülh və sabitliyin bərqərar olmasına imkan vermir. On illiklər ərzində yaşından, cinsindən və milli mənsubiyyətindən asılı olmayaraq müharibə odunun hər iki ölkəyə vurduğu maddi və mənəvi zərəri, o dəhşətləri yalnız statistik məlumatlarla ifadə etmək qeyri-mümkündür.
Bu gün bütün təmas xəttində və hər iki ölkənin beynəlxalq birlik tərəfindən tanınan sərhədləri boyu səngərlər qazılıb və İkinci Dünya müharibəsini xatırladan minalanmış ərazilər var. Səngərlərdə gənc erməni və azərbaycanlı əsgərlər snayper tüfənglərinin optik nişanlarından bir-birlərini izləyirlər. Hər iki ölkədə böyüyən gənc nəslin bir-birləri haqqında təsəvvürləri müharibə və onun gətirdiyi ağrı əsasında formalaşır.
Məlum aprel hadisələri bir daha göstərdi ki, müharibənin bərpa olunması faciəvi nəticələrə səbəb ola bilər. 90-cı illərdən fərqli olaraq hər iki ölkənin hərbi arsenalının genişlənməsi və hərbi risk amilinin ballistik raketlərə qədər artması müharibənin təhlükəsinin dəhşətli hüduda çatmasının göstəricisidir. Hərbi məqsədlər üçün xərclənən bütün bu resurslar bizim xalqlarımızın rifahı və həyatlarının çiçəklənməsinə xidmət edə bilərdi.
Ermənilər və azərbaycanlılardan başqa bu münaqişəni kiminsə həll edəcəyinə inanmaq sadəlövhlükdür. Bundan irəli gələrək bildiririk ki, münaqişənin qısa vaxtda dinc yolla həlli üçün nəticəyə hədəflənmiş danışıqlara başlamağın vaxtı çatıb. Beynəlxalq hüquq normaları və beynəlxalq səviyyədə qəbul edilmiş sənədlər çərçivəsində münaqişənin tezliklə və ədalətli həlli bütün regionun iqtisadi inkişafına təkan verəcək ki, bu da iki ölkə arasında sülh və əməkdaşlığa qiymətsiz töhfə olacaq. Bu halda nə qalib, nə də məğlub olacaq. Bu həm Ermənistan, həm də Azərbaycan xalqı üçün yalnız məğlubiyyətsiz nəticə əldə etməyə imkan verir. Belə bir ağrılı problemin həllində biz Sizlərə hərtərəfli yardım etməyə, hər iki ölkənin ictimaiyyətini sülhə hazırlamağa hazırıq.
Buna görə də biz bu gün yenidən təşkilatlanaraq çox mühim və eyni zamanda çətin bir missiyanı - sülh quruculuğunu üzərimizə götürdük. Bilirik ki, bu yolda bizi çox çətin sınaqlar, təzyiqlər və hətta təhdidlər gözləyir. Buna baxmayaraq, biz inandığımız bu nəcib işdən, iki xalqın sülh və əmin-amanlıq şəraitində yaşaması istiqamətində apardığımız müqəddəs missiyadan bir addım da olsa geri çəkilməyəcəyik.
Qurultay “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”-nın Tbilisidə, İrəvanda və Bakıda mənzil-qərargahlarının yaradılması, Ermənistanda və Azərbaycanda geniş ictimaiyyətlə görüşlərin keçirilməsi haqqında qərar qəbul edib.
Ümid edirik ki, Siz dövlət başçıları olaraq bizim bu istəyimizə və təklifimizə yox deməyəcək və sülh yaratma missiyasını həyata keçitmək üçün bizə lazımi dəstəyi verəcəksiniz”.
S.Xankişiyeva