Bakıda Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramı çərçivəsində illik görüş keçirilib
Bakıda Avropa Şurası və Avropa İttifaqının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT) birgə proqramı çərçivəsində illik görüş keçirilib.
1news. az xəbər verir ki, tədbirdə həmçinin Azərbaycanda jurnalistlər, ədliyyə və inzibati idarəetmə orqanlarının işçiləri və hüquq ekspertləri üçün həyata keçirilmiş layihənin nəticələrini təqdim edilib.
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes bildirib ki, 2015-2017-ci illər ərzində Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq çərçivəsində Azərbaycanda dörd layihə həyata keçirilib. Layihələrin əsas məqsədi Azərbaycanda KİV və ifadə azadlığının inkişafı, inzibati idarəetmədə korrupsiyaya qarşı mübarizə və korrupsiyanın qarşısının alınması bacarıqlarının gücləndirilməsi, Ədliyyə Akademiyasının rolunun və bacarıqlarının artırılması, hakimlərin təlimləndirilməsi, eləcə də ölkədə ədliyyə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılmasından ibarətdir.
O deyib ki, YİT Aİ və AŞ -nın birgə həyata keçirdiyi əsas proqramıdır və gələn il də bu çərçivədə əməkdaşlıq davam edəcək:
“Gələn il korrupsiya ilə mübarizə layihəsuni davam etdirmək niyyətindəyik. Biz yalnız nailiyyətləri deyil, gələcək layihələri də müzakirə edəcəyik. Azərbaycan tərəfinə bu layihələrin həyata keçirilməsində yaratdığı lazımı şəraitə görə təşəkkür edirik”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas isə bildirib ki, insan haqları, qanunun aliliyi və demokratiya Azərbaycanla əməkdaşlıq etdiyimiz əsas sahələrdən biridir:
“Aİ həm Şərq Tərəfdaşlığı, həm də yeni saziş əsasında Azərbaycanla layihələr həyata keçirməyə hazırdır. Biz korrupsiya ilə mübarizə layihəsini davam etdirməyi qərara almışıq. Həmçinin, bir sıra yeni layihələr də nəzərdə tutulub”.
Səfir əlavə edib ki, qeyd edilən 4 layihəyə, KİV və ifadə azadlığının inkişafı, inzibati idarəetmədə korrupsiyaya qarşı mübarizə və korrupsiyanın qarşısının alınması bacarıqlarının gücləndirilməsi, Ədliyyə Akademiyasının rolunun və bacarıqlarının artırılması, hakimlərin təlimləndirilməsi, eləcə də ölkədə ədliyyə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması layihələrinə 5 milyon avroya yaxın vəsait ayrılıb.
P.Sultanova