Dövlət Simfonik Orkestrinin bədii heyət işçilərinin maaşına 500 manat əlavə olunub
Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan mədəniyyətinin inkişafında, müasir ifaçılıq sənətimizin, milli və dünya klassik musiqisinin təbliğində uzunillik səmərəli fəaliyyəti ilə seçilən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin rolunu nəzərə alaraq, onun işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qərara alıram:
1. 2017-ci il noyabrın 1-dən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinə aid olan işçilərinin aylıq vəzifə maaşlarına 500 manat məbləğində Azərbaycan Respublikasının Prezidentinin əlavəsi müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusun verilməsi barədə qərarını 2017-ci il noyabrın 1-dən tətbiq etsin.
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.
1news.az