Avropa Komissiyası “Cənub Qaz Dəhlizi” layihələrini yenidən Aİ-nin ümumi maraq layihələri siyahısına daxil edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avropa Komissiyası “Cənub Qaz Dəhlizi” layihələrini yenidən Aİ-nin ümumi maraq layihələri siyahısına daxil edib

14:14 - 25 / 11 / 2017
Avropa Komissiyası “Cənub Qaz Dəhlizi” layihələrini yenidən Aİ-nin ümumi maraq layihələri siyahısına daxil edib

Avropa Komissiyası “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələri yenidən Avropa İttifaqının (Aİ) ümumi maraq layihələri (PCI) siyahısına daxil edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, həmin layihələr Azərbaycan təbii qazını Gürcüstan-Türkiyə sərhədinə qədər daşıyacaq Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), qardaş ölkədən keçərək Yunanıstanadək uzanacaq Trans-Anadolu (TANAP) və Yunanıstan, Albaniya, Adriatik dənizindən keçməklə İtaliya sahillərinə çıxacaq “Trans-Adriatik” (TAP) boru kəməridir.

Avropa İttifaqının PCI əsas enerji infrastrukturu layihələri siyahısına ümumilikdə 173 layihə daxil edilib. Onlardan 110-u elektrik enerjisi və ağıllı şəbəkə, 53-ü təbii qaz, 6-sı neft, 4-ü “CO2” emissiyası az olan şəbəkə layihələridir.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.

Artıq “Şahdəniz-2” layihəsi üzrə işlər - mühəndis işləri, təchizat, tikinti işləri və istismar sınaqları da daxil olmaqla ümumilikdə 97 faizdən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə işlərin isə 98 faizi görülüb.

TANAP layihəsi üzrə ümumi işlərin 86 faizi tamamlanıb. 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlərin 93 faizi, 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün tamamlanması nəzərdə tutulan işlərin isə 70 faizi görülüb. Uzunluğu 1850 kilometr olan TANAP layihəsinin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

Təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulan TAP qaz boru kəməri üzrə işlərin isə 57 faizdən çoxu icra edilib. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

S.Xankişiyeva

 

Paylaş:
678

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər